Yuxarı

Niderlandda "Bakı 2015"in təbliğat kampaniyası aparılır

Erasmus Universitetində Bakı 2015 və Azərbaycana dair xüsusi təqdimat hazırlanıb

Bakı. 27 may. REPORT.AZ/ Niderland Krallığının Rotterdam şəhərindəki Erasmus Universitetində oxuyan azərbaycanlı tələbələr "Bakı 2015"lə əlaqədar fəal təbliğat kampaniyası aparır. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Azərbaycan Gənclər Təşkilatının sədri Toğrul Eyvazov və onun müavini Yusif Əzimov təhsil aldıqları Erasmus Universitetində "Bakı 2015" və Azərbaycana dair xüsusi təqdimat hazırlayıb.

Universitetin Avropa, Asiya və Afrikadan olan 120-dək tələbəsi üçün hazırlanmış təqdimatda əvvəlcə Avropa Oyunları haqda çəkilən qısametrajlı videoçarx nümayiş etdirilib. Daha sonra Toğrul Eyvazov və Yusif Əzimov "Bakı 2015" haqqında hazırlanan xüsusi videotəqdimat vasitəsilə möhtəşəm yarış barədə gənclərə məlumat verib. 

Azərbaycanlı tələbələr həmçinin Oyunların keçirilməsi ilə əlaqədar ölkədə aparılan hazırlıq prosesi - böyük idman arenalarının tikintisi, təmir-abadlıq işləri barədə danışıblar.

Təqdimatın ikinci hissəsində Azərbaycanın tarixi, zəngin mədəniyyəti, incəsənət abidələri, mətbəxi və Azərbaycan xalqın qonaqpərvərliyindən bəhs olunub. Xüsusilə Bakı haqqında geniş çıxış edən azərbaycanlı tələbələr paytaxtın qədim mədəni abidələri, memarlıq nümunələri, UNESCO-nun Dünya Mədəni İrs siyahısına salınmış İçərişəhər, eləcə də modern binalar - Alov qüllələri, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm tikililər barədə əcnəbi gənclərə məlumat verib.

Azərbaycan Gənclər Təşkilatı (Rotterdam) "Bakı 2015"lə bağlı təbliğat kampaniyasını davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi