Bakı. 19 yanvar. REPORT.AZ/ Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” cəmiyyətinin rəhbəri, musiqiçi Firəngiz Bağırova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunan mahnı bəstələyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Şəhidlər” adlanan mahnının sözləri və musiqisi Firəngiz Bağırovaya məxsusdur. Müəllifin öz ifasında səslənən mahnının oranjimanını Elxan Rzayev edib.
20 ildən çoxdur Niderland Krallığının Assen şəhərində yaşayan və Azərbaycan musiqisini təbliğ edən F.Bağırova Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə azərbaycanlıla və yerli sakinlər qarşısında konsert proqramı, musiqi nömrələri ilə çıxış edir.