Yuxarı

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropaya səfəri Haaqa şəhərində Azərbaycan səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlanıb.

Bu barədə "Report"a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Daha sonra nümayəndə heyəti Hollandiya və Belçika Azərbaycanlıla­rı­nın Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Təsis yığıncağında səfirliyin nümayəndələri, təşkilat rəhbərləri, azərbaycanlı gənclər və digər qonaqlar iştirak ediblər.

Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Eyni zamanda qeyd edilib ki, Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcək.

Toplantıda çıxış edən Hollandiya və Belçikadakı diaspor təmsilçiləri də müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşmək və gələcək perspektivlərlə bağlı öz fikirlərini bildiriblər. Müvafiq Koordinasiya Şurasının yaradılması və koordinatorun seçilməsi ilə bağlı təkliflər səsləndirilib.

Beləliklə, görüşdə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Yığıncaqda “EuroAzNL” təşkilatının rəhbəri Emil Əliyev və “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Bilriyinin sədri Maisə Ağamirzəyeva (Gündoğdu) Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi