​Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

​Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb Tədbirdə müxtəlif millətlərin oruc tutan təmsilçiləri iştirak ediblər
Diaspor
9 İyul , 2015 01:56
​Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

Bakı. 9 İyul. REPORT.AZ/ Ötən gün Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc tutan təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, "İxlas" Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.

İftarda Azərbaycan və Bakıda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. "İxlas" Fondunun nümayəndələri Ramazan bayramına həsr edilmiş şeirlər oxuyublar. Müğənni Samir Salamın ifasında dini nəğmələr və xalq mahnıları səslənib. İştirakçılara "Baku", "Amor", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu məhsulları, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.

İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi dalbadal 10 ildir Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

Son xəbərlər

Orphus sistemi