Yuxarı
    Bağlamaq

    Moskva vilayəti azərbaycanlıları diaspor təşkilatı Qalib Ağayevin həbs ilə bağlı vəziyyətə aydınlıq gətirib

    Moskvaətrafı Azərbaycan diasporunun rəhbəri martın 16-dək ev dustaqlığında qalacaq

    Moskva. 24 fevral. REPORT.AZ/ Moskvaətrafı Azərbaycan diasporunun rəhbəri Qalib Ağayev martın 16-dək ev dustağı olacaq. Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti (MV ARMMM) Şurası fırıldaqçılıqla bağlı ona yönələn ittihamları təkzib edir.

    Bu barədə "Report"un Moskva müxbirinə MV ARMMM-in mətbuat xidmətindən bildiriblər.

    Təşkilatdan qeyd ediblər ki, Qalib Ağayevə qarşı iş cinayət işi kimi qiymətləndirilməməlidir.

    "2003-cü ildən bəri ictimai təşkilat olaraq "Rusiyalı məktəblilər və tələbələrin gözü ilə Azərbaycan" layihəsini həyata keçiririk. Hər il toplanmış fərqlənən rusiyalı şagirdləri və tələbələri Bakı, Gəncə və Mingəçevirə göndəririk. Sonra onlar geri qayıdaraq həmyaşıdlarına Azərbaycanda gördükləri haqqında danışır və beləliklə, ölkə haqqında müsbət təəssürat formalaşır. Təyyarə vurulması ilə bağlı insidentdən sonra Rusiya və Türkiyə arasındakı gərginliyi nəzərə alaraq, rusiyalı gənclərini Türkiyəyə analoji turlarını təşkil etməyə başladıq. Qeyd edim ki, belə aksiyaların əksəriyyətini öz hesabımıza həyata keçiririk.

    2014-cü ildə MV ARMMM və "Rus dünyası" Fondu arasında saziş imzalanıb və bu sazişə əsasən, fond türkiyəli və azərbaycanlı tələbələrin Rusiyaya gəlməsini təşkil etmək üçün bizə 600 min rubl məbləğində qrant təqdim edib. Başqa sözlə, bu, çoxillik işlərimizin məntiqi davamı idi.

    Qrant aldıqdan sonra dərhal işə başladıq və Ankara, Antalya və Mingəçevirdəki ali təhsil müəssisələrində rus dili və ədəbiyyatı üzrə müsabiqə elan etdik. 2014-cü ilin dekabrında Antaliyada Türkiyədəki Rusiya diasporu ilə birgə bu müsabiqənin yekunlarına həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbirdə həmçinin Rusiyanın Türkiyədəki keçmiş səfiri, mərhum Andrey Karlovun nümayəndəsi də iştirak edib.

    2015-ci ilin yanvar ayında müsabiqənin qalibi olmuş türkiyəli və azərbaycanlı 20 gənc Moskvaya gəlib. Onlar üçün paytaxtda və "Rusiyanın qızıl üzüyü" şəhərlərində tanıdıcı ekskursiya təşkil edilib. Qeyd edim ki, bu səfərin təşkili, tələbələrin gəlişi, yerləşdirilməsi və proqramı üzrə xərclər bizə verilən qrantdan xeyli daha çox oldu. Təəssüf ki, bir çox hesablaşmaları birbaşa cibdən, yəni nağd pulla etmək lazım gəldi.

    Tələbələr vətənlərinə geri qayıtdıqdan sonra biz "Rus dünyası" Fonduna maliyyə hesabatlarını təqdim etdik, lakin onlar nağd hesablaşmaları qəbul etməkdən imtina etdilər, heç müəyyən xidmətlər üçün əlimizdə olan çeklərə belə baxmadılar. Hüquqşünaslarla məsləhətləşdikdən sonra sənədləri yenidən nəzərdən keçirdik və yeni hesabat təqdim etdik. Amma fondun nümayəndələri yalnız 320 min rubl məbləğində vəsaitin hesabatını qəbul etdi. Qeyd edim ki, bu bir ildə - 2015-ci ilin yanvar ayından 2016-cı ilin yanvar ayına qədər sədr Qalib Ağayevin simasında MV ARMMM ilə "Rus dünyası" Fondu arasında əlaqələr kəsilməyib və daim məsləhətləşmələr aparılıb. Buna görə də fondun bizdən istintaq orqanlarına ərizə ilə şikayət etməsi bizim üçün gözlənilməz oldu.

    Fevralın 21-də Qalib Ağayev Moskva Şimal-Qərb dairəsi İstintaq Komitəsinin əməkdaşları və polis tərəfindən həbs edilərək paytaxtın Xoroşevski məhkəməsinə aparılıb. Orada hakim Səbirə Rəhimova Qalib Ağayevin martın 16-dək ev dustaqlığında qalacağı ilə bağlı hökm çıxarıb. Hazırda Qalib Ağayev evindədir.

    MO ARMMM Şurası etiraf edir ki, bu məsələ tələb olunan sənədlərin vaxtında təqdim edilməməsi səbəbilə böyüyüb. Vaxtında işə hüquqşünasları qoşsaydıq, məsələni tez həll edə bilərdik.

    İndi MV ARMMM "Rus dünyası" Fondu ilə birlikdə vəziyyətdən çıxış yolları axtarır. O cümlədən, MV ARMMM-in hesabat üzrə çatışmayan 280 min rublu Fonda geri qaytarması ilə bağlı qərar qəbul edilib. Bu məsələ yaxın gələcəkdə həll olunmalıdır", - MV ARMMM-in bəyanatında deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi