Yuxarı
    Bağlamaq

    Lev Spivak: "İsraillilər Azərbaycanı daha yaxından tanıyıblar" - MÜSAHİBƏ

    Ötən il Azİz israillilər üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxminən 100 tədbir təşkil edib

    Bakı. 29 avqust. REPORT.AZ/ "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının ("Azİz") rəhbəri Lev Spivakın "Report" agentliyinə müsahibəsi.

    - "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının mövcud olduğu illər ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

    - Təşəbbüs qrupunun ilk toplantısı 2006-cı ilin dekabr ayında oldu, 2007-ci ilin yanvar ayında isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azİz"in ilk qurultayı baş tutdu. Qeyd etmək istərdim ki, elə təkcə təşkilatın yaradılması faktı hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən müsbət qəbul edildi. Qurultayda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, İsraili isə strateji planlaşdırma naziri (indiki müdafiə naziri) Aviqdor Liberman və nəqliyyat naziri, general Şaul Mofaz təmsil edib.

    Faktiki hələ mövcud olmayan təşkilata belə böyük etimad "Azİz"in heç nədən yaranmaması ilə əlaqədardır. Həmin vaxt Hayfa, Netanya, Aşdod, Aşkelon və digər şəhərlərdə Azərbaycandan olan insanların çox sayda təşkilatları uzun müddətdir İsraildə çalışırdı. Maraqlıdır ki, onların bəziləri bir-birinin varlığı barədə xəbərsiz idilər.

    Bir neçə il sonra Heydər Əliyev Fondu bizi dəstəkləməyə başladı. Bu, əlbəttə ki, təşkilatın işində keyfiyyətcə fərqli bir səviyyədə yüksəlişə gətirib çıxardı. Hesab edirəm ki, bu, işimizə verilən ən yüksək qiymətdir. Bununla yanaşı, "Azİz"in iş səviyyəsinin daha bir göstəricisi var: təşkilatımızın dörd üzvü məhz "Azİz"dəki fəaliyyətlərinə görə Azərbaycanın dövlət mükafatları ilə təltif edilib.

    - Hazırda "Azİz"in ümumilikdə neçə üzvü var? Assosiasiyada gənclər çoxdurmu?

    - Hazırda "Azİz"in 6628 nəfər və 6 təşkilat - kollektiv üzvü var. Kollektiv üzvlərdən 45-i ən fəal üzv seçilib və idarəetmədə təmsil olunur. Ümumilikdə hazırda İsraildə əslən Azərbaycandan olan 70 mindən çox insan yaşayır. Onların demək olar hamısı imkan və maraqlara uyğun olaraq tədbirlərimizdə iştirak edir. "Azİz"in fəal üzvlərinin yaşından bəhs ediriksə, deməliyəm ki, ilk illərdə təşkilatda, əsasən, təqaüd yaşında olanlar toplaşmışdı. Bu, yəqin ki, normaldır. Çünki emmiqrasiyanın ilk illəri daha çətin olur, gənclər isə oxuyub işləməli idilər. Özü də eyni anda hər ikisini etməli idilər. Amma "Azİz" yaradılarkən çoxlarının həyatı artıq "oturmuşdu". Uşaqlar da demək olar böyümüşdü. İnsanların mənəvi rahatlığı üçün məşğul ola biləcəyi bir şey ortaya çıxmışdı. "Azİz"in ilk idarəetməsində əksəriyyət 40-50 yaşlı adamlar idi. Yəni kifayət qədər gənc idilər. Maraqlıdır ki, bu gün də bəzi şəhər şöbələrinin rəhbərlərinin yaşı 40-50-dir. Hərçənd 10 il vaxt keçib. Deməli, təşkilat gəncləşir. Amma həqiqətən gənc olanlar təəssüf ki, çox deyil.

    - "Azİz"in mövcud olduğu illər ərzində təşkilatın hansı nailiyyətlərini ən mühüm hesab edirsiniz?

    - İsraillilər Azərbaycanı daha yaxından tanıyıblar. Təəccüblənməyin, elə də uzaq olmayan keçmişdə postsovet məkanınından olanların hamısı İsraildə rus, bütün ərazi isə Rusiya kimi qəbul olunurdu. Şəxsən mənim üçün "Azİz"in yaradılmasında fəal iştirak etməyimin əsas səbəblərindən biri bu idi. Mən rus olmadığımı, Azərbaycandan olduğumu, bununla qürur duyduğumu izah etməkdən bezmişdim.

    Bu gün isə yoldan keçən istənilən şəxsi saxlayıb soruşsan, Azərbaycanın harada yerləşdiyini, nəyə görə İsrail üçün vacib olduğunu və Dağlıq Qarabağ adlı Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini və daha çox şeyi bilir. Əlbəttə, bu, yalnız bizim xidmətimiz nəticəsində olmayıb, amma bu işdə az da olsa, əməyimizin olduğuna inanmaq istərdik.

    - Sizcə, sıravi israillilər ümumilikdə Azərbaycan və xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlıdırlar?

    - Ötən il "Azİz" Heydər Əliyev Fondunun dəstəyi ilə israillilər üçün istər Azərbaycanın çoxmillətli mədəniyyəti və çoxəsrlik tolerantlıq ənənələri, istərsə də siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxminən 100 tədbir təşkil edib. Hər il fevral ayının sonunda "Xocalıya ədalət" kampaniyası çərçivəsində xatirə tədbirləri keçiririk. Özü də tədbirləri fərqli formada və fərqli şəhərlərdə eləməyə çalışırıq. Bununla həm coğrafi, həm də informasiyanın çatdırılması baxımından daha çox insanı əhatə edirik. Daim tədbirlərimizdə iştirak edən israilli və azərbaycanlı siyasətçilərinin dəstəyi sayəsində isə tədbirlərimiz mətbuat tərəfdən mümkün qədər çox diqqət cəlb edir.

    Ancaq bununla məhdudlaşmamağa çalışırıq. Uzun müddət İsrailin bir çox şəhərlərində "Xocalıya ədalət" adlı hərəkətli fotosərgi nümayiş etdirmişik. Ötən ay isə Dağlıq Qarabağ münaqişəsinin günahsız qurbanlarının - iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibənin xatirəsinə həsr olmuş tədbir keçirildi.

    - Yaxın gələcəkdə "Azİz" tərəfdən hansı tədbirlər və ya layihələr gözlənilir?

    - Birincisi, ətrafdakılar üçün artıq ənənəvi hal almış hər şeyi etməyə davam edəcəyik. Azərbaycan bayramları qeyd olunacaq, kədərli günlər anılacaq. Bununla yanaşı, sentyabrın 5-də Şamaxı İsrailin Tirat-Karmel şəhəri ilə qardaşlaşacaq. Ümid edirəm ki, ilin sonunadək İsmayıllı ilə Kiryat Byalik də qardaşlaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi