Bakı. 10 dekabr. REPORT.AZ/ Kiyev şəhərində “Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu başlayıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) “Report”a verilən məlumata görə,
Təşkilatın təşəbbüsü ilə keçirilən forumda Azərbaycandan və Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan iş adamları iştirak edir.
UABD sədri və Dünya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Hikmət Cavadov bildirib ki, dünyada yaşayan azərbaycanlılar isə Foruma müasir informasiya-kommunikasiya vasitələri ilə canlı qoşulub suallarını, təkliflərini və tövsiyələrini verə biləcəklər. Forum iştirakçıları Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi tövsiyələrin daha çevik həyata keçirilməsi yollarını müzakirə edəcəklər.
İnformasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə aktivlik, Ukrayna dilində Azərbaycanla bağlı mövcud səhifələrin daha da gücləndirilməsi, ölkəmizlə bağlı maraqlı məlumatların həmin səhifələrdə yerləşdirilməsi və Ukrayna mediası ilə əlaqələrin gücləndirilməsi Forum iştirakçılarının diqqət edəcəyi məsələlərdən olacaq. Bundan başqa, Forumda Azərbaycanlıların Ukrayna dövlət və qanunvericilik orqanlarında - təhsil müəssisələri, yerli idarəetmə orqanları, səhiyyə və icra qurumlarında təmsilçiliklərinin artırılması məsələləri qarşıya qoyulacaq.
Forum iştirakçılarına, həmçinin Azərbaycanın turizm potensialının təbliği, multikultural və tolerant ölkə olduğunu Ukrayna cəmiyyətinə çatdırmaq tövsiyə olunacaq, bizneslə məşğul olan soydaşlarımız Azərbaycana sərmayə qoymağa dəvət ediləcək.