Kiyevdə Türk Şurasının iclası keçirilib

Kiyevdə Türk Şurasının iclası keçirilib İclas “Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusunda təşkil edilib
Diaspor
5 Oktyabr , 2016 16:25
Kiyevdə Türk Şurasının iclası keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin (Türk Şurası) Ukraynanın paytaxtı Kiyevdə yerləşən Diaspor Regional Mərkəzində qurumun panel iclası keçirilib.

Diaporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  “Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclas Türk Şurasının Baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilib. İclasda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin bu ölkədəki səfiri Yönet Can Tezel, Qazaxıstanın səfiri Samat Ordabayev, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Diasporunun sədri, Türk Şurası Kiyev nümayəndəliyinin rəhbəri Hikmət Cavadov, Türk Şurasının Diaspor Təmas qrupunun təmsilçiləri və Ukraynada yaşayan türkdilli diasporların nümayəndələri iştirak edib.

İclasda ilk çıxış edən Türk Şurasının Baş katibi Ramil Həsənov Şura və onun fəaliyyəti, indiyədək diaspor sahəsində görülən işlər barədə məlumat verib. Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən R.Həsənov Türk Şurasının Kiyev Regional Diaspor Mərkəzinin təşəbbüsü ilə 2015-ci ildə Kiyevdə Türkiyənin terrora qarşı mübarizəsinə dəstək göstərmək məqsədilə “Terrora yox” yürüşünün təşkil edildiyini xatırladıb. Şuranın Baş katibi həmçinin, 2015-ci ildə ABŞ-da keçirilən türkdilli diasporların təmsilçilərinin toplantısı, Nyu-Yorkda Türk Günü Festivalında Türk Şurası bayrağının ucaldılması, Türk Şurası nəzdində Diaspor İşləri üzrə Təmas qrupunun 2016-ci il mayın 3-də Almatıda baş tutan 3-cü toplantısı və burada qəbul edilən qərarlar, eləcə 2016-2017-ci illər üçün Türk Şurası diasporunun ortaq fəaliyyət planının hazırlanması, yaxın gələcəkdə Almaniya, Fransa, ABŞ-da Regional Diaspor Mərkəzlərinin açılması məsələlərinə toxunub.

R.Həsənov diasporlarımızın türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyərlərinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial və siyasi fəallığının artırılması, onların yaşadıqları ölkələrdə maraqlarının qorunması, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarına qarşı mübarizə, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atacağını bildirib. Hikmət Cavadov isə çıxış edərək bildirib ki, gələcəkdə bu şəbəkəni daha da genişləndirərək türkdilli vilayətlərdə belə özəklər yaradılmalıdır. H. Cavadov daha sonra türkdilli dərsliklərin çapı və digər layihələrdən danışıb.

Toplantıda səfirlərdən A.Xudiyev, böyükelçisi Y.C.Tezel, S.Ordabayev və digər diaspor təmsilçiləri çıxış edərək diasporlar arasında koordinasiyanın təmin edilməsinin önəmini vurğulayıblar. Türkdilli diasporların Ukraynada dəyişən şəraitə uyğunlaşmasını təmin etmək və yeni şərtlər çərçivəsində daha təsirli diaspor təşkilatlanmasını yaratmaq məqsədilə ortaq bir seminar keçirilməsi təklif olunub, qısa zaman ərzində bu seminarın təşkil olunması qərara alınıb.

“Türkdilli diasporlar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu” mövzusuna həsr edilən iclasda 60 nəfərə yaxın nümayəndə iştirak edib. 

Son xəbərlər

Orphus sistemi