Kiyevdə "Azərbaycan Bayrağı" Beynəlxalq İntellektual Festivalı keçirilib

Kiyevdə "Azərbaycan Bayrağı" Beynəlxalq İntellektual Festivalı keçirilib Festival çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunları və "Xəmsə" milli intellektual oyunu üzrə turnirlər təşkil edilib
Diaspor
14 Noyabr , 2016 17:54
Kiyevdə Azərbaycan Bayrağı Beynəlxalq İntellektual Festivalı keçirilib

Kiyev. 14 noyabr. REPORT.AZ/ Kiyevdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Ukrayna Klublar Liqasının yardımı ilə "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən təşkil edilən "Azərbaycan Bayrağı" VI Beynəlxalq İntellektual Festivalı keçirilib.

"Report" xəbər verir ki, layihə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunub və Azərbaycan İntellektual Oyunlar Federasiyası və Avropa İntellektual Klublar Assosiasiyasının himayəsi altında baş tutub.

Festivalın açılışında Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qurbanov, Ukrayna Millətlər Assambleyasının rəhbəri, Ukrayna Azərbaycanlıları birgə Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycan Gəncləri İttifaqının rəhbəri İlhamə Allahverdiyeva, festivalın Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

"Azərbaycan mədəniyyətini təbliği edən, populyarlaşdıran bu cür festivallar iki ölkə arasında bir növ körpü rolunu oynayır, adət-ənənələr, digər xalqların tarixi irsi ilə tanış olmaq imkanı yaradır", - deyə festivalın açılış mərasimində Ukrayna Millətlər Assambleyasının rəhbəri, Ukrayna Azərbaycanlıları birgə Konqresinin sədri Rövşən Tağıyev bildirib.

Festival çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunları və "Xəmsə" milli intellektual oyunu üzrə turnirlər təşkil edilib. "Nə? Harada? Nə zaman?" oyununda mükafatçılar Kiyev komandaları olub: "Minus 1" çempion olub, "Makqaffinin rəngi" komandası ikinciliyi, SKD komandası isə üçüncülüyü əldə edib. "Xəmsə" milli intellektual oyununda da Kiyevin "Minus 1" komandası ən güclü olub. İkinci yeri Odessanın "Znenatska", üçüncü yeri isə Kiyevin SKD komandası tutub. "Xəmsə" oyununun qalibləri bir neçə ay sonra Bakıda keçiriləcək "Caspian Cup 2017" beynəlxalq yarışmasında Ukrayna paytaxtını təmsil edəcəklər. Səfər festivalın Təşkilat Komitəsi tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, festivalın ideyası əcnəbi hazırcavab oyunçuları Azərbaycanın mədəni irsi ilə tanış etməkdir. Festival daha əvvəl Latviya, Litva, Rusiya və Belarusda keçirilib.

Son xəbərlər

Orphus sistemi