Yuxarı

Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək

Forumda bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu ilin aprel ayının 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. Bu barədə “Report”a Komitədən bildirilib.

Tədbirə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndənin dəvət olunması nəzərdə tutulur. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

III Qlobal Açıq Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar fevralın 19-da Brüsseldə keçiriləcək ikigünlük toplantıda da geniş müzakirələrin aparılması planlaşdırılır. Yüksək səviyyəli görüşdə Mərkəzin və Madrid Klubunun üzvü olan nüfuzlu siyasi liderlər – Vayra Vike Fraqberqa, İsmail Serageldin, Boris Tadiç, Viktor Yuşşenko, Emil Konstantinesku, Hikmət Çətin, Petar Stoyanov və başqaları iştirak edəcək. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da iştirak edəcək.

Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprel ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada “Avropada etimadın bərpa olunması” mövzusunda təşkil edilmiş beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub.

Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi