Yuxarı

İstanbulda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yığıncağı keçirilib

​İstanbulda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin yığıncağı

İstanbulda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) yığıncağı keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru Akkan Suver, Azərbaycanın İstanbuldakı baş konsulluğunun rəsmiləri, "SOCAR Türkiyə"nin nümayəndələri və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak edib.

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycan milli ənənələrini, musiqisini tərənnüm edən kompozisiyalar göstərilib, milli rəqslərimiz nümayiş olunub.

TAİB-nin idarə heyətinin rəhbəri Mehdi Nağıyev çıxışında 2012-ci ildə 16 şirkət və iş adamının iştirakı ilə qurulan Birliyin ötən illər ərzində gördüyü işlərdən danışıb. O, TAİB-in Türkiyədəki azərbaycanlı iş adamlarının fəaliyyətini işıqlandırdığını, Birlik üzvlərinin tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində, yeni işgüzar əlaqələrin yaradılmasında uğurlu iş apardığını deyib.

Mehdi Nağıyev Birliyə üzv olan 1000-ə yaxın azərbaycanlı şirkətin və iş adamlarının Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb.

Türkiyə prezidentinin Maliyyə İdarəsinin rəisi Dr. Göksəl Aşan çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi və maliyyə sahələrində olan işbirliyini daha da sağlamlaşdırmaq lazımdır:

“Toplam ixracatın sadəcə 1,5 milyard dollarını Azərbaycana edirik. Daha dəhşətlisi isə Azərbaycandan idxalatın da 400 milyon dollardan çox olmamasıdır. Bu rəqəmlər Azərbyacan və Türkiyə arasındakı əlaqələrə yaraşan rəqəmlər deyil və bu göstəricini bir neçə il içərisində yüksəltmək lazımdır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında hər iki ölkə prezidentlərinin Türkiyə və Azərbaycan arasında aparılan işlərə xüsusi önəm verdiyini vurğulayıb. F.Muradov iş adamlarının reallaşdırdığı bütün fəaliyyətlərin hər gün bir az daha yüksələn Türkiyə və Azərbaycanın dünyada nüfuzunun güclənməsi baxımından əhəmiyyət kəsb etdiyini ifadə edib və TAİB-in fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim isə Azərbaycan və Türkiyə arasındakı dostluğa işarə edərək, iki ölkə arasında bir çox ortaq sahənin olduğunu qeyd edib. X.İbrahim, Azərbaycan və Türkiyənin iş adamlarına hər zaman dəstək olmağa hazır olduqlarını vurğulayıb.

Çıxışlarda Azərbaycan Dövlər Neft Şirkətinin Türkiyədə reallaşdırdığı nəhəg enerji layihələrindən danışılıb, TAİB üzvlərinin bir yerə toplanması və əlaqələrinin daha möhkəm qurulması baxımından "SOCAR Türkiyə"nin verdiyi dəstəkdən söz açılıb. Sonda Türkiyədə öz aktiv fəaliyyətləri ilə TAİB üzvlərinə diplomlar təqdim olunub.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi