Yuxarı
    Bağlamaq

    İordaniya Senatının Prezidenti Bakıya səfərə gəlir

    O və İordaniyanın sabiq baş nazirləri V Qlobal Bakı Forumunda iştirak edəcək

    Bakı. 16 fevral. REPORT.AZ/ İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.

    Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, İordaniya senatının prezidenti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

    Nümayəndə heyətinə İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir.

    İordaniya II, III və IV Qlobal Bakı forumlarında da geniş nümayəndə heyəti ilə təmsil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq Baş nazir Taher əl-Masri yanvar ayında Misirdə keçirilmiş Mərkəzin Ali Səviyyəli Toplantısına da qatılıb.

    Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.

    “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi