Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb. "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər 1933-1937-ci illərdə repressiya olunan şəxslərlə bağlı geniş şəkildə araşdırmaların aparılması üçün arxivlərin açılmasına dair məsələni müzakirə ediblər. Bunun üçün Azərbaycan və Mərkəzi Asiya ölkələrinin müvafiq orqanlarına müraciət etmək lazım olduğu bildirilib. Qırğızıstan Respublikasının ali məktəblərindən birində bazar günü məktəbi çərçivəsində siniflərin və Azərbaycan mərkəzinin açılması təklif olunub.
Görüş iştirakçıları qeyd ediblər ki, səfir diaspor nümayəndələri ilə müntəzəm görüşlər keçirir, QR ərazisində yaşayan Azərbaycan xalqı nümayəndələrinin problemlərinin fəal şəkildə həllinə çalışır.