Yuxarı

​Gürcüstanın Qori rayonunda yaşayan azərbaycanlılar Qarabağa dəstək aksiyası keçirib

Aksiya Tadçminda kəndində keçirilib

Qori. 8 aprel. REPORT.AZ/ Gürcüstanda yaşayan azərbaycanlıların dövlətinə, silahlı qüvvələrimizə dəstək aksiyaları davam edir. Belə aksiyalardan biri də Gürcüstanın paytaxtı Tbilisidən 90 km məsafədə yerləşən Qori rayonunun əsasən azərbaycanlılardan ibarət Tadçminda kəndində keçirilib. Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını tutan kənd sakinləri “Vətən bölünməz”, “Şəhidlər ölməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Yaşasın Azərbaycan”, “Yaşasın Azərbaycan əsgəri”, “Biz birlikdəyik” kimi şüarlar səsləndiriblər. Onlar daim Azərbaycana bağlılıqlarını, səfərbərlik elan ediləcəyi halda müharibəyə qoşulmaq arzusunda olduqlarını bildiriblər.

Aksiyada təkcə azərbaycanlılar deyil, gürcülər və osetinlər də var idi. Onlar da Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.

Əslən gürcü olan Zamira Yudova jurnalistlərə müsahibəsində deyib: “Azərbaycanlılar bizim dostlarımızdır. Biz çox mehriban yaşayırıq. Onların qəmli olmaları bizi narahat edir. Çox istəyirik ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxıb getsinlər. Azərbaycanlılar bundan artıq heç nə istəmirlər, onlar sülhsevər xalqdır. Müharibə yox, sülh olsaydı, əlbəttə hər şey yaxşı olardı. Biz də onların bu istəyini, tələbini müdafiə edirik”.

Kənd sakini Zəminə Ramazanova isə bildirib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər onları da ciddi narahat edir: “Biz Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini, torpaqlarımızın bir hissəsini azad etdiyini eşidəndə çox sevindik. Azərbaycan bizim mənəvi Vətənimizdir biz də onu qorumağa borcluyuq. Mən öz oğlumu da Vətən üçün döyüşə göndərməyə hazıram”.

Digər sakinlər Rafiq Ramazanov və Əkbər Şahverdov da Azərbaycan əsgərinin cəbhədə qazandığı uğurlarına sevindiklərini, səfərbərlik elan olunacağı halda müharibəyə qoşulmaq arzusunda olduqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi