Yuxarı

Gürcüstanın müxalifət partiyası: Azərbaycanlı üzvümüzün saxlanılması hökumətin təşkil etdiyi “qara piar”dır

Gürcüstanın müxalifət partiyası: Azərbaycanlı üzvümüzün saxlanılması hökumətin təşkil etdiyi “qara piar”dır

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayonunun bələdiyyə üzvü Rəhim Əsgərovun rüşvət faktı ilə bağlı saxlanılmasını partiya əleyhinə aparılan “qara piar” kampaniyası sayır. 

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin VMHP-dən olan deputatı Azər Süleymanov bildirib.

Onun sözlərinə görə, R.Əsgərov elə səlahiyyətlərə sahib olmayıb ki, kimisə dövlət işinə düzəldə bilsin: “Rəhim Əsgərov nə icra başçısı, nə də ki, bələdiyyə sədridir. Daxili İşlər Nazirliyinin Rəhim Əsgərovun saxlanılması ilə bağlı yaydığı video görüntülərdə verilən kağızların pul, lotereya və ya hər hansı bir bilet kağızı olduğu da bilinmir. Əgər o iddia olunduğu kimi rüşvəti martın 20-də alıbsa, onun martın 28-də saxlanılması ağlasığan deyil. Bundan başqa həmin pullar da üzə çıxmadı”.

A.Süleymanovun fikrincə, VMHP üzvünün saxlanılması dövlət tərəfindən təşkil olunub: “Bunun kimlər tərəfindən təşkil olunduğu bizə məlumdur. Bu gün məhkəmədə Rəhim Əsgərova qarşı rəsmən ittiham irəli sürüləcək və ondan sonra partiya liderləri məsələ ilə bağlı brifinq keçirəcəklər”.

Deputat qeyd edib ki, R.Əsgərov çox tələbkar, təmiz və dindar insandır: “Onun rüşvətlə heç bir əlaqəsi olmayıb. Bu sadəcə əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasına qarşı qurulmuş “qara piar” kampaniyasıdır”.

Qeyd edək ki, Marneuli rayon bələdiyyəsinin üzvü R.Əsgərov ötən gün 3 000 lari (1 113 dollar) məbləğində rüşvət alma faktı ilə bağlı saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

R.Əsgərov VMHP-nin üzvüdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi