Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək Adilə Əliyeva Təhsil Nazirliyinin dəvəti ilə Bakıya gələcək
Diaspor
27 Oktyabr , 2017 17:37
Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Üzeyir Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, A.Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, A.Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və  İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. 

A.Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı eskpertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. 2018-ci ilin martında Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalın final konsertində bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi