Fransanın Yelisey çölləri Rotari klubunun üzvləri Azərbaycanın Dostları Assosiasiyasına üzv olublar

Fransanın Yelisey çölləri Rotari klubunun üzvləri Azərbaycanın Dostları Assosiasiyasına üzv olublar Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində klubun üzvləri görüş keçirilib
Diaspor
22 İyun , 2017 07:13
Fransanın Yelisey çölləri Rotari klubunun üzvləri Azərbaycanın Dostları Assosiasiyasına üzv olublar

Paris. 22 iyun. REPORT.AZ/ 50-dən çox üzvü olan Yelisey çölləri Rotari klubunun üzvləri Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti Jan-Fransua Mansel ilə görüşüblər.

"Report"un Fransa bürosu xəbər verir ki, görüş zamanı hüquqşünaslar, iqtisadçılar, sahibkarlar və fransız elitasının digər təbəqələrindən ibarət klub üzvləri Azərbaycanın keşməkeşli tarixinə, zəngin adət-ənənəsinə, mədəniyyətinə, əfsanəvi təbiətinə böyük maraq nümayiş etdiriblər.

Görüşdə fransızların Azərbaycan mədəniyyətinə, habelə musiqisinə həsr edilmiş tədbirlərdə yüksək maraq və fəallıq nümayiş etdirdiyini qeyd edən Mansel, son ildə Arkaşon şəhərində keçirilmiş Azərbaycan musiqilərindən ibarət mədəni tədbirin iştirakçılarının 1000 nəfərdən, Ruan şəhərində isə 400-dən çox olduğunu deyib.

Jan-Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək Azərbaycan torpaqlarının 20 faizinin 25 ildir ki, Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb.

ADA-nın baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Azərbaycanın son illərdə imza atdığı iqtisadi, elmi və digər tərəqqiləri haqqında qonaqlara ətraflı məlumat verib.

Görüşün sonunda Yelisey çölləri Rotari klubunun üzvləri Azərbaycanın Dostları Assosiasiyasının prezidentinə assosiasiyaya üzv olmaq üçün müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi