Finlandiyada Novruz bayramı qeyd edilib

Finlandiyada Novruz bayramı qeyd edilib Bayram proqramı Finlandiyada yaşayan azərbaycanlılar tərəfindən təşkil olunub
Diaspor
18 Mart , 2015 17:41
Finlandiyada Novruz bayramı qeyd edilib

Bakı. 18 mart. REPORT.AZ/ Finlandiyadakı Azərbaycan və Türk diasporu Novruz bayramını qeyd edib. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bayram proqramı Finlandiyada yaşayan azərbaycanlılar tərəfindən Helsinkidəki “Caisa” mədəniyyət mərkəzində təşkil edilib. Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) Azər-Türk Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi bayram tədbirində Türkiyə Respublikasının Finlandiyadakı Səfirliyinin təmsilçiləri, Türk diaspor təşkilatlarının üzvləri, finlər və digər xalqların nümayəndələri iştirak edib.

FAA-nın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlının aparıcılığı ilə keçirilən tədbirdə Assosiasiyanın sədr müavini və Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra tədbir iştirakçıları bu gün 100-cü ildönümü qeyd edilən Çanaqqala döyüşlərində şəhid olmuş Azərbaycan və Türk əsgərlərinin, həmçinin 31 Mart soyqırımına məruz qalan azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə bayramın tarixi, Azərbaycan və türkdilli xalqların mədəniyyətində Novruz bayramının yeri, əhəmiyyəti, mənası, adətləri barədə danışılıb. Azərbaycanda keçirilən Novruz şənliklərindən bəhs edən video nümayiş etdirilib.

Novruz bayramını və milli adət-ənənələri Finlandiyada tanıtmaq məqsədi daşıyan tədbirdə daha sonra FAA-nın Yeniyetmə Gənclər Təşkilatının və Azər-Türk Gənclər Təşkilatının birgə hazırladığı bayram proqramı nümayiş etdirilib. 

Son xəbərlər

Orphus sistemi