Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb Təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olunub
Diaspor
4 İyun , 2016 19:07
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Bakı. 4 iyun. REPORT.AZ/ Dünya Azərbaycanlılarının IV Qurultayı yekun iclasla bu gün öz işini başa vurub.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, yekun iclasda çıxış edən qurum rəhbəri Nazim İbrahimov qurultayın açılışında prezident İlham Əliyevin tarixi nitqinin diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram xarakteri daşıdığını vurğulayıb və iki gün ərzində səmərəli fikir mübadiləsi aparıldığını, maraqlı ideya və təkliflər verildiyini bildirib.

Panel iclaslarda müzakirə edilən məsələlər, səsləndirilən ideya və təkliflərlə bağlı moderatorlar qısa məlumat verib. Bildirilib ki, bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, koordinasiyanı daha da möhkəmləndirmək üçün önəmli platformaya çevrilib. Dövlət başçısının qurultaydakı nitqinin vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoyduğu vurğulanıb. Moderatorlar qeyd edib ki, qurultay iştirakçıları bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində səylərini əsirgəməyəcəklərini bildiriblər.

İclasda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayın əhəmiyyətini vurğulayaraq dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının yaranma tarixinə nəzər salıb. Bildirib ki, azərbaycanlıların birliyi və həmrəyliyi ideologiyası ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman həyata keçirilib. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bunun sübutdur. Ulu öndər fəaliyyətində diaspor quruculuğu işinə daim xüsusi diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycançılıq ideyası bir dövlət ideyası kimi formalaşdı, onun məzmunu və forması müəyyənləşdirildi. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, onların təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı 17 sərəncam imzaladığını bildirən Prezidentin köməkçisi vurğulayıb ki, dünya azərbaycanlılarının bir araya gəlməsi onların Vətənlə bağlılığının, birlik və həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Əli Həsənov qeyd edib ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal və nümunəvi olmalı, həmçinin bu ölkələrin cəmiyyətlərinə inteqrasiya etməlidirlər. Prezident İlham Əliyevin nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Əli Həsənov vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının birliyi məsələsi çox önəmlidir. Bu, azərbaycançılıq ideyasının qorunması, möhkəmləndirilməsi və inkişafı baxımından vacibdir.

Prezidentin köməkçisi bildirib ki, dünya azərbaycanlıları arasında virtual informasiya əlaqələrinin, dünya azərbaycanlı iş adamları birliyinin yaradılması məsələsi də çox önəmlidir. Bundan başqa, diaspor təşkilatları arasında tərəfdaş mühitin formalaşması, əlaqələndirmə işi də vacibdir.

Sonra təkliflər də nəzərə alınmaqla qurultayın yekun sənədləri qəbul olunub. İştirakçılar qurultayın qətnaməsini, qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciəti, dünya azərbaycanlılarına ünvanlanan müraciəti, qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət başçılarına və parlamentlərinə müraciəti, qurultayın Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciətini yekdilliklə qəbul ediblər.

Daha sonra Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub, növbəti dəfə prezident İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

Qurultayda Əlaqələndirmə Şurasının tərkibi 109 nəfər olmaqla təsdiqlənib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Şuranın icracı katibi seçilib.

Yekun iclasda, həmçinin fəallığı ilə seçilən diaspor təşkilatlarının rəhbərlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri diplomları təqdim olunub.

Bununla da, Dünya Azərbaycanlılarının IV Qurultayı başa çatıb.

Son xəbərlər

Orphus sistemi