Dünya Azərbaycanlılarının qurultayında Dağlıq Qarabağ münaqişəsi və “Metsamor” AES-lə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlanıb

Dünya Azərbaycanlılarının qurultayında Dağlıq Qarabağ münaqişəsi və “Metsamor” AES-lə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlanıb "Ümid edirik ki, beynəlxalq ictimaiyyət regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək”
Diaspor
4 İyun , 2016 17:11
Dünya Azərbaycanlılarının qurultayında Dağlıq Qarabağ münaqişəsi və “Metsamor” AES-lə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciət qəbul olunub.

"Report"un məlumatına görə, sənəddə 28 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlıq bildirilib.

Qeyd olunub ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayıs məskənləri, təhsil ocaqları, ictimai binalar dağıdılır, münaqişə zonasında yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası vəhşicəsinə məhv edilir.

Müraciətdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumət rəhbərləri və parlamentləri Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırılıb.

Qurultayda həmçinin Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət qəbul edilib.

Sənəddə “Metsamor” AES-in region və dünya üçün böyük təhlükə törətdiyi qeyd olunub: “Metsamor” AES-in tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılması, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Digər narahatlıq doğuran məqam Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan nüvə silahına malik olduqlarına dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir. Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusi ilə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə və Avropa İttifaqına müraciət edərək, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə Ermənistan ərazisində fəaliyyət göstərən “Metsamor” AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlər görməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq ictimaiyyət regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək”.

Son xəbərlər

Orphus sistemi