Diaspor təşkilatının sədri: "Əsas fəaliyyətimiz yerli orqanlarla sıx ünsiyyət üzərində qurulub"

Diaspor təşkilatının sədri: "Əsas fəaliyyətimiz yerli orqanlarla sıx ünsiyyət üzərində qurulub" Bakı. 30 iyul. REPORT.AZ/ Bizim Avropadakı əsas fəaliyyətimiz yerli inzibati və seçkili orqanlarla sıx ünsiyyət, yerli mətbuatda mütəmadi çıxışlar üzərində qurulub. Bunu Reporta Hollandiyada azərbaycanlıların Connect (Birləşmək) təşkilatının sədri Vüqar Abbasov bildirib.
Diaspor
30 İyul , 2018 15:30
Diaspor təşkilatının sədri: Əsas fəaliyyətimiz yerli orqanlarla sıx ünsiyyət üzərində qurulub

Bakı. 30 iyul. REPORT.AZ/ "Bizim Avropadakı əsas fəaliyyətimiz yerli inzibati və seçkili orqanlarla sıx ünsiyyət, yerli mətbuatda mütəmadi çıxışlar üzərində qurulub". Bunu "Report"a Hollandiyada azərbaycanlıların "Connect" (Birləşmək) təşkilatının sədri Vüqar Abbasov bildirib.

O qeyd edib ki, Niderland siyasətçiləri, partiya və parlament üzvləri, bələdiyyə başçıları ilə Azərbaycanla bağlı müsbət təmaslar davam etdiriləcək: "Ümumiyyətlə təşkilat olaraq qarşımızda məqsəd yerli dövlət qurumları, seçkili orqan əməkdaşları və mətbuat nümayəndələri ilə daimi dostluğu davam etdirməkdir. Eyni zamanda özümüz də yerli mətbuatda zaman-zaman yazılarla Azərbaycanla bağlı çıxış edirik". 

Təşkilatlarının tək Niderlandda yox, ətraf ölkələrdə də azərbaycanlıları bir araya gətirməyi hədəflədiyini bildirən V. Abbasov bildirib ki, burada eyni zamanda yerli millətdən olan jurnalist və hüquq müdafiəçiləri var. 

"Connect" rəhbəri onu da qeyd edib ki, bu fəaliyyətin əsas məğzində Azərbaycan həqiqətləri, əsasən də Ermənistan tərəfindən işğal olunmuş torpaqlar, Xocalı soyqırımı və sair durur: "Bununla bağlı biz öz hesabımıza bröşürlər çap etdirərək müxtəlif istiqamətdə yayırıq. 2016-cı ilin noyabrında Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı keçirdiyimiz böyük həcmli tədbirdə bir çox yerli siyasət adamları, parlament üzvləri, bələdiyyə başçıları, hüquq müdafiəçiləri və onların ailələri qatılmaqla müstəqilliyimizə, ərazi bütövlüyümüzə böyük dəstək verdiklərini açıq nümayiş etdirdilər. Ümumiyyətlə bu kimi tədbirlərdə biz küçədən keçənləri dəvət etmirik, yerli səlahiyyətli nümayəndələr dəvət alırlar və gəlirlər. Bütün bunlar da yerli mətbuatda geniş işıqlandırıldı". 

V. Abbasov vurğulayıb ki, hazırkı fəaliyyətin digər istiqamətlərindən biri də Avropadakı yerli iş adamları ilə Azərbaycan arasında sıx təmasların formalaşdırılmasıdır: "Fürsətdən istifadə edərək deyim ki, əgər Azərbaycandan istənilən iş adamımız niderlandlı iş adamları ilə təmas qurmaq istəyirsə biz bunu çox rahatlıqla təşkil edə bilirik. Mən eyni zamanda Niderland Jurnalistlər Birliyinin üzvüyəm və gələcək planlarımıza burada bir neçə dildə fəaliyyət göstərəcək yerli müstəqil mətbuat yaratmaq da daxildir".

Son xəbərlər

Orphus sistemi