Yuxarı
    Bağlamaq

    Diaspor təşkilatının rəhbəri: "Avropada yaşayan azərbaycanlılar yeni hərəkata start verirlər" - MÜSAHİBƏ

    AAK prezidenti: Avropadakı hazırki vəziyyəti bəzi miqrantların öz vətənlərinə dönüşünün başlanğıcı hesab etmək olar

    Bakı. 22 dekabr. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti, iş adamı Sahil Qasımovun "Report"a müsahibəsi.

    - Hazırda Avropada yaşayan azərbaycanlıların fəaliyyətini necə qiymətləndirirsiniz? Azərbaycanlıların qoca qitənin sosial, iqtisadi mühitinə inteqrasiyası, ümumiyyətlə, diaspor fəaliyyəti hansı səviyyədədir? 

    - Avropa azərbaycanlıları hazırda təşkilatlanma prosesini tamamlayan, fəaliyyətini lobbiçilik istiqamətində quran və həyata keçirən, yaşadığı ölkələrin cəmiyyətlərinə uğurla inteqrasiya edən etnik qruplardan ibarətdir. Qoca qitədə yaşayan azərbaycanlıların ən böyük icması olan Avropa Azərbaycanlıları Konqresi son dönəmlərdə öz fəaliyyətini siyasi müstəvidə qərarlaşdırır, siyasi müstəvidə mübarizə aparır. AAK-ın Baş Qərargahının Brüsseldə yerləşməsi fəaliyyətimizi daha da effektiv edir. Son zamanlar Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələr ilə daha fəal siyasət yürüdür. Noyabr sammiti və keçən həftə qəbul edilmiş qətnamə Avropanın proqrama üzv olan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrinin daha da dərinləşməsindən xəbər verir.

    - Avropa ölkələrinin istər dövlət idarəçiliyində, istərsə də ictimai-siyasi həyatında azərbaycanlıların rolu nə dərəcədədir? Ümumiyyətlə, seçkili orqanlarda hansı göstəricilərə malikik? Sizcə, bu məsələdə nöqsanlar varmı? AAK-ın bu istiqamətdə planları, proqramları nədən ibarətdir?

    - Avropa ölkələrinin inzibati və ictimai-siyasi həyatında azərbaycanlıların rolu zəifdir. Seçkili orqanlarda icmamızın təmsilçilərinin sayı xeyli azdır. Bu məsələdə Şərqi Avropadakı vəziyyət Qərbi Avropadan daha yaxşıdır. Məsələn, Latviyada həmyerlimiz Roman Naudinş (İbrahimov) hazırda bu ölkənin parlamentində İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinə sədrlik edir. Digər həmyerlimiz - AAK-ın vitse-prezidenti Eldar Əfəndiyev uzun müddət Estoniya parlamentinin deputatı olub, həmçinin həmin ölkədə nazir və şəhər meri vəzifəsini tutub. Amma Qərbi Avropada bu məsələdə boşluq mövcuddur.

    Təəssüflər olsun ki, AAK Avropanın bəzi ölkələrində özünü yetərincə tanıtmağa nail olmayıb. Məsələn, Böyük Britaniya, Rusiya, Polşa, İspaniya kimi ölkələrdə təşkilatımız hələ də tanınmayıb. Bundan əlavə, Avropa coğrafiyasının bir çox ölkələrində AAK-ın yerli təşkilatları mövcud deyil. Bu da həmin ölkələrdə fəaliyyətimizi məhdudlaşdırır. AAK-ın 2004-cü ildə Berlində imzalanmış protokolunu Avropada fəaliyyət göstərən bir çox təşkilatlar imzalamayıb. Bu da həmin təşkilatların AAK-ın tərkibində fəaliyyət göstərməsini əngəlləyir. Buna səbəb isə həmin təşkilatların 2004-cü ildən sonra təsis olunmasıdır. AAK-ın Azərbaycanın qitədəki ən böyük təşkilatlarının birliyi halına gətirilməsi nəzərdə tutulur.

    AAK-ın qarşısına qoyduğu əsas məqsəd Avropanın müxtəlif ölkələrində yerli, əyalət və ali seçkili orqanlara azərbaycanlıların seçilməsini təmin etməkdir. Hazırda azərbaycanlılar Avropanın müxtəlif ölkələrində siyasi partiyalara daxil olaraq onların fəaliyyətində mühüm rol oynamağa iddialıdırlar. AAK-ın əsas hədəflərindən biri soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamalarını təşviq etməkdir. Bu prosesdə qardaş Türkiyə diasporunun Avropadakı fəaliyyətinə diqqətlə yanaşmaq və maraqlı, pozitiv təcrübədən yararlanmaq istəyirik. AAK həmçinin GUAM çərçivəsində bu ölkələrin Avropadakı diaspor təşkilatları ilə sıx əməkdaşlıq planını həyata keçirir.

    - Son vaxtlar mətbuatda Avropaya köç edən əcnəbilərin geri qayıdışı məsələsi aktuallaşıb. Onlar arasında azərbaycanlılar da varmı? Ümumiyyətlə, azərbaycanlıların Avropada məskunlaşmasında hazırkı durum nə yerdədir, hansısa problemlər varmı? Əgər varsa, təklifləriniz nədən ibarətdir?

    - Ümumiyyətlə, Avropa indiki zamanda çox yorğun görünür. Yüz minlərlə qaçqın ordusu, Avropa ölkələri paytaxtlarında, hava limanlarında, dəmiryolu vağzallarında insan ölümləri ilə nəticələnən terror aktları, bu azmış kimi, separatçılıq dalğasının baş qaldırması qitənin gələcəyi üçün verilən proqnozları daha da pisləşdirir. Avropanın böyük şəhərləri, meydanları, ticarət mərkəzləri bu ölkələrin silahlı qüvvələri tərəfindən ciddi nəzarətə götürülüb. Hazırki vəziyyəti bəzi miqrantların tarixi vətənlərinə dönüşünün başlanğıcı hesab etmək olar. Miqrantlar arasında azərbaycanlılara da rast gəlinir. Amma bu qayıdış kütləvi hal almayıb və gələcəkdə daha da güclənəcəyi istisna deyil. Son zamanlar avropalılar arasında millətçilik, irqçilik, ksenofobiya, dini ayrı-seçkilik geniş yayılmağa başlayıb. Avropanın bəzi ölkələrində məscidlərin yandırılması, müsəlmanların polis tərəfindən yerli-yersiz ictimai yerlərdə saxlanılması və sənədlərin yoxlanılması, müsəlman gənclərin işə götürülməməsi hallarına rast gəlmək mümkündür. Avropanın bir çox ölkələrində sağ mərkəzçi partiyalar çox səs toplayaraq seçkilərdə qalib gəlirlər. Bu da miqrantlarda gələcəyə baxışda ümidsizlik və qorxu yaradır.

    Azərbaycandan Avropaya yeni kütləvi axın nəzərə çarpmır və bunun baş verməsi üçün əsas da yoxdur.

    - Ümumiyyətlə, Avropada azərbaycanlıların diaspor, lobbiçilik rolunun güclənməsi üçün nə etmək lazımdır? Artıq 25 ildir diaspor quruculuğu gedir, ancaq indiyədək Avropada yetərincə mövqe tutmamağımıza səbəb nədir?

    - Məlum olduğu kimi, Azərbaycan icmalarının təşkilatlanması məsələsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından sonra, yəni 15 il əvvəl başladı. 2002-ci ilə qədər isə diaspor hərəkatımız mütəşəkkil xarakter daşımırdı, daha çox fərdi halda şəxslər tərəfindən həyata keçirilirdi. Düşünürəm ki, 15 il ərzində Azərbaycan diaspor hərəkatı Avropada mühüm, ciddi və çətin yol keçərək müəyyən uğurlara imza atıb. Yaşının gənc olmasına baxmayaraq, Azərbaycanın Avropadakı diasporu ayağını yerə möhkəm basır, inamla addımlayır və ciddi həmlələr edir. AAK Almaniya, Fransa, Benilüks ölkələri, Ukrayna, Estoniya və digər dövlətlərdə güclü lobbiçilik siyasəti yürüdür və öz fəaliyyətlərini müxtəlif müstəvilərdə həyata keçirə bilirlər.

    - Bu yaxınlarda Brüsseldə rəhbərlik etdiyiniz konqresin təşkilatçılığı ilə separatçılığa qarşı beynəlxalq konfrans keçirildi və tədbir çərçivəsində bir sıra görüşləriniz oldu. Azərbaycanın Ermənistan tərəfindən 25 ildən çoxdur işğala məruz qalması qabardıldı. Bu barədə geniş məlumat verməyinizi istərdik...

    - Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə noyabrın 19-21-də Brüsseldə "Şərq Tərəfdaşlığı" Sammiti ərəfəsində separatçılığa qarşı beynəlxalq forum  keçirildi. Tədbirə Azərbaycandan dövlət rəsmiləri, Avropanın tanınmış siyasətçiləri, Avropa Parlamentindən və Milli Məclisdən deputatlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Brüsseldəki, Avropa İttifaqındakı səfirliyimizin dəvəti ilə qonaqlar qatıldılar. 

    Forumun mövzusu ilk dəfə AAK rəhbərliyinin Azərbaycanın Brüsseldəki səfiri Fuad İsgəndərovla müzakirə zamanı ideya olaraq ortaya qoyuldu və daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən genişləndirildi, birlikdə həyata keçirildi.

    İlk dəfə Azərbaycan xalqının problemlərini, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını azərbaycanlılar deyil, avropalılar dilə gətirdilər. İlk dəfə olaraq biz yox, avropalılar bu problemin həlli yollarından danışdılar. Forumdan sonra Avropa Azərbaycanlıları Konqresi Brüsseldə silsilə tədbirlər həyata keçirməyə davam etdi.

    Forumun ilk günü iştirakçılar AAK-ın Brüsselin mərkəzində yerləşən Baş Qərargahını ziyarət etdilər. Noyabrın 21-də isə AAK Avropa Parlamentində bir sıra mühüm görüşlər keçirdi. Avroparlamentarilərlə Azərbaycanın problemləri geniş müzakirə edildi. Görüş zamanı Avropa Parlamentinin sloveniyalı üzvü İvo Vaygl, Latviyadan olan üzvü İveta Qriqule, Rumıniyadan olan üzvü Norika Nikolai və digər deputatlar Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Onlar AAK ilə bundan sonra sıx və faydalı əməkdaşlıq etmək istədiklərini bildirdilər.

    Noyabrın 24-də AAK-ın təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı" Sammiti zamanı yüzlərlə soydaşlarımızın iştirak etdiyi mitinqdə Azərbaycan Prezidentinə dəstək nümayiş etdirildi. Bu aksiya həm də Sammitdə iştirak edən Ermənistan prezidentinə sərt etiraz nümayişi idi.

    - Konfransdan nə kimi nəticələr gözləmək olar? Ümumiyyətlə, son vaxtlar Avropada baş qaldıran separatçılıq dalğası qərb siyasətçilərinin bu məsələyə baxışlarında dəyişikliklər yaradıbmı? Çünki Avropa Dağlıq Qarabağ məsələsində Azərbaycanın 30 ilə yaxındır üzləşdiyi separatçılıq faktına ikili standartlarla yanaşır.

    - Bu qəbildən olan konfransların pozitiv nəticələr verəcəyinə inanıram. Biz beynəlxalq tədbirləri bundan sonra da davam etdirəcəyik. 2018-ci ildə yeni tədbirlərin keçirilməsinə qərar vermişik. Tədbirdə, sadəcə, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmadı. Orada digər münaqişələrə də diqqət ayrıldı. Ukrayna, Gürcüstan, Moldova, İraq və İspaniya təmsilçiləri ölkələrinin problemlərindən bəhs edərək dünyanı hədələyən separatçılığa qarşı birgə mübarizə yolları axtarmağa çağırdılar. Bundan başqa, Separatçılığa Qarşı Beynəlxalq Mərkəzin yaradılmasının ilk təməli qoyuldu.

    - Ümumiyyətlə, Avropa siyasətçilərinə Azərbaycan həqiqətlərinin çatdırılması üçün hansı işlər görülməlidir?

    - AAK fəaliyyətini siyasi müstəvidə davam etdirməyi qarşısına məqsəd qoyub. AAK yeni tərkibdə öz sıralarında sıx birləşərək bir mərkəzdən idarə olunur. Nəticə olaraq müvəffəqiyyətlər də göz qabağındadır. Mart ayından fəaliyyətə başlayan AAK-ın yeni seçilmiş tərkibi çox güclü diaspor rəhbərləri və təşkilatlarından ibarətdir. Düşünürəm ki, AAK bu tərkibdə hələ çox uğurlu layihələrə imza atacaq, lobbiçilik istiqamətində çox mühüm işlər görəcək. 2017-ci ilin sentyabr ayında AAK-ın Kiyev (Ukrayna) toplantısında artıq konqresin yol xəritəsi müzakirə edildi.

    - Bəs iqtisadi münasibətlərin qurulması ilə bağlı vəziyyət necədir? Bununla bağlı nə kimi təkliflər var? Xüsusilə Azərbaycanın turizmin inkişafına daha çox diqqət yetirməsini nəzərə alsaq, avropalıların ölkəmizə axını üçün nə təklif edərdiniz? Çünki siz həm də bir iş adamı olaraq Avropada turizm sektorunda çalışırsıniz.

    - Hazırda Avropa ölkələri Azərbaycanla iqtisadi münasibətlər qurmaqda həqiqətən maraqlıdır. Azərbaycan Avropaya, sadəcə, neft və qaz tədarükçüsü kimi deyil, həm də digər iqtisadi sahələrdə sınanmış tərəfdaş kimi maraqlıdır.

    Turizm sektoru neft və qiymətli kağızlardan sonra gəlir gətirən, ölkə iqtisadiyyatını gücləndirən sahədir. Təsadüfi deyil ki, Avropanın bir çox ölkələrinin, o cümlədən İspaniyanın, İtaliyanın dövlət büdcəsinin əhəmiyyətli hissəsini turizm gəlirləri təşkil edir. Türkiyənin dövlət büdcəsinə turizm biznesinin təsiri danılmazdır. Düşünürəm ki, Azərbaycanda turizm biznesi və onun infrastrukturu düzgün qurulsa, ölkəyə, sadəcə, keçmiş sovet ölkələrindən deyil, Avropadan və digər dünya bölgələrindən də kütləvi turist axını başlayar. Amma bu axına sahib olmaq üçün mütləq turizm infrastrukturuna malik olmaq lazımdır. Bu, ilk növbədə, Azərbaycanda AZAL-ın (“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) təyyarə biletlərini sözün əsl mənasında ucuzlaşdırmasından başlanmalıdır. Biletlərin ucuzlaşdırılmasından sonra digər xidmətləri bahalaşdırmaq ölkəyə gəlmək istəyən turistlərin sayını azalda bilər. AZAL tez bir zamanda Amsterdam, Brüssel və digər böyük şəhərlərə uçuşlara başlamalıdır ki, bu da turizmin inkişafına xeyli şərait yaradar. Azərbaycana uçmaq istəyən ucuz çarter reyslərinə şərait yaradılmalıdır ki, ölkəyə gəlmək istəyən turistlərin sayı əhəmiyyətli dərəcədə çoxalsın. Bu, həm də digər ölkələri görmək istəyən azərbaycanlı turistlərin qonşu ölkələrin ucuz hava yolları şirkətlərinə müraciət etməsinin qarşısını almağa, xeyiri öz ölkəsinə verməyə xidmət edər.

    Ümumiyyətlə, biznes turizmindən, yəni Bakıya, sadəcə, iş üçün gələn iş adamları üçün müəyyənləşdirilmiş turizm xidmətindən kütləvi turizmə keçmək üçün yollar axtarılmalıdır. Biznes turizmindən uzaqlaşmalıyıq. Ölkəyə kütləvi turizm axını başlamalıdır. Bu, yeni turizm şirkətlərinin, turoperatorların, turizm agentliklərinin kütləvi yaranmasına gətirib çıxarmalıdır. Yeni qurulmuş turizm sektorunda fəaliyyət göstərən bu qəbildən olan şirkət və agentliklər bir neçə il vergidən azad olunmalıdır. Bakıda və digər yerlərdə, sadəcə, yüksək kateqoriyalı 4 və 5 ulduzlu bahalı otellərdən başqa, 3 ulduzlu ekonomik büdcəli mehmanxanalar, motellər, ailə otelləri, turizm pansionatları, hostellər açılmalıdır. Müxtəlif dillərdə turizm bələdçiləri hazırlanmalı, böyük şəhərlərdə otel və turizm fakültələri açılmalıdır. Reklam broşürləri, turizm kataloqları və əyani vəsaitlərin müxtəlif Avropa dillərində hazırlanmasına başlanılmalıdır. Sadəcə, bahalı restoran və kafelər, barlar və əyləncə yerləri deyil, ekonomik büdcəli müəssisələr turizm kataloqunda yer almalıdır. Azərbaycan, sadəcə, böyük ölkələr deyil, dünyada yer alan önəmli beynəlxalq turizm sərgilərində, travel shop və marketlərində iştirak edərək turizm mənbələrini əcnəbilərə təqdim etməlidirlər. Azərbaycan dünyada turizm ölkəsi kimi tanınmaq üçün geniş potensiala malikdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi