Bakı. 11 aprel. REPORT.AZ/ "Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi sıradan bir hadisə deyil".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.
"Rusiya Ədliyyə Nazirliyi "yuxarıların" razılığı olmadan çətin ki, bu addımı atardı. Burda “kökə və qamçı” siyasəti yeridilir. Bir yandan Azərbaycana daimi istər Qarabağ, istərsə də digər sahələrdə təzyiq mexanizimi saxlanılır. Digər yandan isə, bir sıra məsələlərdə ehtiyac var deyə Azərbaycanla münasibətləri yoluna salmaq istəyirlər", - deputat əlavə edib.
T.Kərimli qeyd edib ki, vaxtilə Azərbaycanda rəhbər vəzifədə işləyib müəyyən imkanlarını itirən şəxslər ikili mövqedən çıxış edirlər: "Bir yandan Azərbaycana sadiqlik nümayiş etdirməyə çalışırlar, digər cəhətdən də gücləri çatan qədər Azərbaycanın imicinə zərər yetirməyə çalışırlar. Rusiyada diaspordaxili mübarizələri həyata keçirirlər, narahatlıq yaradırlar".