​Cenevrədə Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib

​Cenevrədə Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb
Diaspor
13 Mart , 2015 13:07
​Cenevrədə Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib

Bakı. 13 mart. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Bu barədə “Report”a Diasporla İş üzrə dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

“Nizami Gəncəvi Etik Simpoziumu”nda dahi şairin irsini araşdıran tədqiqatçılar iştirak edib.

Oksford, Kembric, Kəşmir, Orizona, Leyden, Merilend və Amsterdam universitetlərinin alimləri Nizami Gəncəvinin dünya mədəniyyətinin inkişafında rolu, şairin yaradıcılığının fəlsəfi əsasları ilə bağlı müzakirələr aparıb. Çıxış edənlər Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirib və dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıblar. Nizami Gəncəvinin Şərq İntibahının formalaşmasında əvəzolunmaz yeri, xalqlar arasında mədəni körpü rolu oynaması xüsusi vurğulanıb.

Nizami Gəncəvi irsinin daim aktual olduğunu qeyd edən alimlər onun əsərlərindəki bəşəri ideyaların daha dərindən öyrənilməsi və daha geniş təbliğinin əhəmiyyətini vurğulayıblar. Tədqiqatçılar Nizami Gəncəvi irsinin bəşəriyyət üçün rolunun araşdırılması, xüsusilə də şairin yaradıcılığında etik prinsiplərin yenidən öyrənilməsinin vacib olduğunu qeyd ediblər.

Simpozium iştirakçıları Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi olan Nizami Gəncəvinin təqdim olunması istiqamətində dahi şairin adını daşıyan Beynəlxalq Mərkəzin fəaliyyətini də yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Nizami Gəncəvi Etik Simpoziumu” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi