Berlindəki Azərbaycan və türk diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Berlindəki Azərbaycan və türk diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb Azərbaycan və türk diaspor təşkilatlarının gələcək fəaliyyətindən danışılıb
Diaspor
26 Fevral , 2015 10:46
Berlindəki Azərbaycan və türk diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsi Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən Berlində yad edilib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Almaniyadakı Türk-Azərbaycan Birliyi (TAVD), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyi (ADD), Türk Gənclər Birliyinin (TGB) təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbir Berlindəki Türk Evində baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu, Türkiyənin Berlindəki Baş konsulu Ahmet Başar Şen, Milli Məclisin deputatı Qənirə Paşayeva, İstanbul Universitetinin professoru Mehmet Perinçek, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı Səriyyə Cəfərova və başqaları iştirak edib.

Atatürkçü Düşüncə Dərnəyinin sədri Olcay Başegmez tədbiri açaraq Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığın son illər daha da genişlənməsindən, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı həyata keçirilən birgə layihələrdən bəhs edib.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailova Xocalı soyqırımının Almaniya ictimaiyyətinə tanıdılmasına dair keçirilən tədbir və aksiyalar haqqında məlumat verərək, bu istiqamətdə Almaniyadakı türk icmasının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halı aldığını bildirib və bunu sevindirici hal kimi dəyərləndirib.

Türkiyə Cumhuriyyətinin böyükelçisi Hüseyn Avni Karslıoğlu azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının bütün Türk xalqını kədərləndirdiyini bildirib. Türk xalqına qarşı olan ikili standartların tətbiq edildiyini qeyd edən səfir ermənilərin qondarma soyqırımı haqqında danışarkən, türk xalqına qarşı törədilmiş əsl soyqırımların müzakirə edilmədiyini vurğulayıb.

Daha sonra Türk Alman Birliyinin sədri Hakkı Keskin aparıcılığı ilə davam edən tədbirdə Milli Məclisin uzvü Qənirə Paşayeva, İstanbul Universitetinin professoru Mehmet Perinçek, yazıçı və jurnalist Səriyyə Cəfərova çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərindən, Azərbaycan və türk diaspor təşkilatlarının gələcək fəaliyyətindən, erməni yalanlarının ifşası və Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı birgə fəaliyyətin istiqamətlərindən danışıblar.

Son xəbərlər

Orphus sistemi