Yuxarı

Batumidəki Azərbaycan vətəndaşları Baş konsulluqda səs verirlər

Baş konsul Rəşad İsmayılov birinci səs verib

Tbilisi. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Batumidə (Gürcüstan) olan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da başlayıb.

Baş konsul Rəşad İsmayılov "Report"a bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar, ölkəmizin Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 53 saylı seçki məntəqəsi yaradılıb. Hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. Ancaq səsvermə ilə əlaqədar onların sayının daha çox olacağı gözlənilir.

Konsulluğun foyesindəki stenddə seçicilərin siyahıları asılıb. Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.

Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb.

Baş konsul Rəşad İsmayılov birinci səs verib.

Seçici, Şota Rustaveli Batumi Dövlət Universitetinin tələbəsi Şərqiyə Mehdiyeva konsulluqda yaradılmış şəraitdən razılıq edib: “Mən çox rahat şəkildə konstitusiyamıza təklif olunan əlavə dəyişikliklərə münasibət bildirdim. Azərbaycanlı tələbə yoldaşlarım da mənim kimi səs verirlər. Biz burada yaradılmış şəraitə görə konsulluğun əməkdaşlarına təşəkkürümüzü bildiririk. Biz gələcəyimizə səs verdik və inanırıq ki, bu dəyişikliklər doğma Azərbaycanımızın daha da inkişaf etməsinə, dünya miqyasında mövqelərinin möhkəmlənməsinə xidmət edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi