Yuxarı
    Bağlamaq

    Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək

    Foruma dünyanın 50-yə yaxın aparıcı gənc lideri qatılacaq

    Bakı. 14 avqust. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə avqustun 21-dən 24-dək Bakıda Qlobal Gənc Liderlər Forumu keçiriləcək.

    Bu barədə “Report”a komitənin mətbuat xidmətindən məlumat verilib.

    Foruma dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur. Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.

    Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi mövzular ətrafında fikir mübadiləsi aparacaq.

    Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platforma kimi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi