Yuxarı

Azərbaycanlılar Ukraynanın şərqində münaqişə zamanı yaralananlara humanitar yardım göstəriblər

Jitomir merinin müavini göstərilən yardıma görə azərbaycanlılara təşəkkür edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan azərbaycanlılar ölkədə gedən döyüşlərdə yaralananların müalicə aldığı hərbi hospitala külli miqdarda yardım ediblər. Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, Jitomir şəhərində yerləşən hospitalda yatan hərbi yaralılara assambleya, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və konqresin vilayət üzrə təmsilçiliyi tərəfindən dərman ləvazimatları, soyuducular, televizorlar və qida məhsullarından ibarət humanitar yardım təqdim ediblər.

Təqdimat zamanı çıxış edən Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, milliyyətindən asılı olmayaraq bütün Ukrayna vətəndaşları ölkə suverenliyi, baş verən münaqişənin tezliklə başa çatması üçün əlindən gələni etməyə hazırdır: “Biz inanırıq ki. tezliklə sülh bərpa olunacaq və hər gün eşidilən faciəli xəbərlərə son qoyulacaq. Bizim bu humanitar aksiyamız mütəmadi davam edir və edəcək”. 

Konqresin Jitomir vilayəti üzrə sədri İlqar Məmmədov isə bildirib ki, onlar azərbaycanlı olaraq Ukrayna vətəndaşı kimi bu mürəkkəb vaxtda həmişə yaşadıqları ölkənin yanındadırlar: “Artıq 3 azərbaycanlı döyüş bölgələrində həlak olub və bu o deməkdir ki, biz yaşadığımız ölkənin suverenliyi uğrunda canımız bahasına dəstək olmağa hazırıq”.

Hospitalın baş həkimi Aleksandr Serebryakov isə bildirib ki, Ukraynada yaşayan millətlərin, xüsusilə azərbaycanlıların bu cür diqqəti onlarda, hospitalda yatan hərbçilərdə böyük ruh yüksəkliyi yaradır. O bildirib ki, bu yardımlar hospitalda yaşayan 325 xəstəyə aiddir ki, onlardan 125-i ölkənin şərqində gedən döyüşlərdə yaralananlardır. Jitomir şəhəri merinin müavini Aleksandr Boçkovskoqo da edilən yardımlara görə azərbaycanlılara minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi