Azərbaycanlılar Kiyevdə həmrəylik aksiyası keçirib

Azərbaycanlılar Kiyevdə həmrəylik aksiyası keçirib Bakı. 9 aprel. REPORT.AZ/ Ukraynada yaşayan soydaşlarımız Azərbaycanın Kiyevdəki səfirliyinin binası qarşısında yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda həmrəylik aksiyası və konsert proqramı təşkil ediblər.
Diaspor
9 Aprel , 2018 20:27
Azərbaycanlılar Kiyevdə həmrəylik aksiyası keçirib

Bakı. 9 aprel. REPORT.AZ/ Ukraynada yaşayan soydaşlarımız  Azərbaycanın Kiyevdəki səfirliyinin binası qarşısında yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda həmrəylik aksiyası və konsert proqramı təşkil ediblər. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə keçirilən aksiyada 100 nəfərədək soydaşımız iştirak edib.

Əllərində Azərbaycan və Ukrayna bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları səsləndiriblər. Aksiyada çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri bəzi xarici ölkələrdə məskunlaşmış antimilli şəxslərin qərəzli, ədalətsiz, sifarişli mövqeyinin Ukraynada yaşayan azərbaycanlıları narahat etdiyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan regionda söz sahibinə çevrilib, heç kimdən asılı olmayan dövlət siyasəti yürüdür, iqtisadi, siyasi və digər sahələrdə uğurlar əldə edib. Bütün bunları ölkəmizin inkişafını istəməyən qüvvələr həzm edə bilmirlər. Ona görə də onlar Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlayıblar. Belə halların yolverilməz olduğunu vurğulayan soydaşlarımız antimilli qrupların bu cür məkrli əməllərini pisləyiblər.

Çıxış edənlər Ukraynada yaşayan soydaşlarımızın hər zaman dövlətimizi, onun daxili və xarici siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya iştirakçıları ürəklərinin Azərbaycanla döyündüyünü, Vətənin adını daim uca tutduqlarını, birlik nümayiş etdirdiklərini vurğulayıblar.

Aksiyada “Hər zaman səninləyik, Azərbaycan!”, “Biz Ukraynada Azərbaycanı ləyaqətlə təmsil edirik!”, “Biz fəxr edirik ki, azərbaycanlıyıq!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndirilib.

Soydaşlarımız xarici ölkələrdə yaşayan bütün azərbaycanlıları həmrəyliyə, birliyə çağırıblar: “Milli və dövlət maraqları hər şeydən üstün tutulmalıdır. Azərbaycan adlı məmləkətimiz ətrafında sıx birləşməliyik. Azərbaycanda sabitliyə və inkişafa xələl gətirməkdən çəkinməliyik”.

Çıxışlardan sonra səmaya sülh, barışıq rəmzi olan şarlar buraxılıb. Aksiyadan sonra Azərbaycanın xalq mahnıları və milli musiqilərindən ibarət konsert olub.

Son xəbərlər

Orphus sistemi