Azərbaycanlılar Berlin və Hannoverdə Ermənistanın Füzulidə törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası keçirib

Azərbaycanlılar Berlin və Hannoverdə Ermənistanın Füzulidə törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası keçirib Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmaq tələb edilib
Diaspor
8 İyul , 2017 20:40
Azərbaycanlılar Berlin və Hannoverdə Ermənistanın Füzulidə törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası keçirib
Foto: Diasporla İş üzrə Dövlət Komitəsi

Bakı. 8 iyul. REPORT.AZ/ Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar piket keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atmaq tələb edilib.

Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.

Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.

Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.

Almaniyada yaşayan azərbaycanlıların daha bir etiraz aksiyası Hanover şəhərində baş tutub.

Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətini birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Aksiya iştirakçıları 4 iyul təxribatı zamanı qətlə yetirilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakinin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi