Azərbaycan diasporunun Ulyanovskdakı rəhbəri: "Yanıq xəsarətləri almış uşağın vəziyyəti yaxşılaşır"

Azərbaycan diasporunun Ulyanovskdakı rəhbəri: "Yanıq xəsarətləri almış uşağın vəziyyəti yaxşılaşır" "UAK İsmayıl Hüseynovun zərər çəkmiş ailəsinə yardım edir"
Diaspor
29 Yanvar , 2016 14:49
Azərbaycan diasporunun Ulyanovskdakı rəhbəri: Yanıq xəsarətləri almış uşağın vəziyyəti yaxşılaşır

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ulyanovskda azərbaycanlı İsmayıl Hüseynovun mənzilinin yandırılması nəticəsində yanıq xəsarətləri almış 2 yaşlı uşağın vəziyyəti yaxşılaşır". Bu sözləri "Report"a Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk bölməsinin rəhbəri İslam Hüseynov deyib.

Onun sözlərinə görə, İsmayıl Hüseynovun oğlunun vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir: "Həkimlərin fikrincə, uşağın vəziyyəti yaxşılaşır. Uşağın üz nahiyəsindəki yanıqlar cüzidir, elə də dərin deyil. Gələcəkdə heç bir yanıq izi qalmamalıdır. Amma uşağın qolunun dərisinin 40 faizi yanıb".

Bölmə rəhbəri ÜAK-ın Hüseynovlar ailəsinə həm maddi, həm də mənəvi yardım etdiyini və yardımın gələcəkdə də davam edəcəyini bildirib.

O, həmçinin dünən yanğını törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını və həmin şəxsin keçmiş polis əməkdaşı olduğunu da deyib: "O, ailədən qeyri-qanuni yolla pul almaq istəyirdi. Hüseynovlar bir şirkətdən 4000 rubl borc almışdı. Amma onlar artıq 24000 rubl ödəmişdi. Borc verən isə ailədən daha 40000 rubl tələb edirdi".

İslam Hüseynov əlavə edib ki, həmin o borc verən şəxs saxlanılıb, onun barəsində "öldürməyə təşəbbüs" maddəsi ilə cinayət işi açılıb. O vurğulayıb ki, ÜAK cinayətin istintaqına və qısa müddətdə günahkarların cəzasını alması üçün hər cür yardım edəcək.

Son xəbərlər

Orphus sistemi