​Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub

​Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub O, 2009-cu idən Universitetdə dekan vəzifəsində çalışırdı
Diaspor
15 Oktyabr , 2015 12:04
​Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. 
M.Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək həvalə olunub.

Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu olan elmlər doktoru, burada namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək elmi fəaliyyətini davam etdirib.

2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika Akademiyalarının akademiki seçilən M.Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi böyük töhfələr və elmin inkişafı sahəsindəki xidmətlərinə görə həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları tərəfindən müxtəlif mükafatlarla təltif edilib.
M.Ömərov 2009-cu idən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışıb. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, diaspor sahəsində xeyli işlər görüb. Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin qorunub saxlanması, inkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra layihələr həyata keçirib. O, diaspor sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi