AAK sədri: "Avropaya mühacirət edənlər arasında azərbaycanlılar demək olar yox dərəcəsindədir" - MÜSAHİBƏ

AAK sədri: "Avropaya mühacirət edənlər arasında azərbaycanlılar demək olar yox dərəcəsindədir" - MÜSAHİBƏ Sahil Qasımov: "Avropada Azərbaycan diasporunun zəif olduğu ölkələr Bolqarıstan, Slovakiya, İspaniya və Portuqaliyadır"
Diaspor
21 İyun , 2017 15:39
AAK sədri: Avropaya mühacirət edənlər arasında azərbaycanlılar demək olar yox dərəcəsindədir - MÜSAHİBƏ

"Avropada bəzi siyasi dairələr və siyasətçilər Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər"

Bakı. 21 iyun. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımovun "Report"a müsahibəsi: 

- Avropada yaşayan azərbaycanlıların indiki durumu, ümumiyyətlə, fəaliyyətləri nə yerdədirAvropa ölkələrində azərbaycanlıların yerli mühitə, xüsusilə inzibati və seçkili orqanlara inteqrasiyası necədir?

- Avropada yaşayan Azərbaycan icmaları “keçid dövru"nu başa vurmuş, leqalizasiya məsələlərini arxada qoymuş, adaptasiya olunmağa meyilli və hazırda yaşadıqları ölkələrə uğurla inteqrasiya olmağa davam edən etnik qruplardan ibarətdir.

Məsələ burasındadır ki, azərbaycanlıların inteqrasiya prosesi Şərqi Avropada nə qədər asan başa gəlirsə, Qərbi Avropada bir o qədər çətin və ləng gedir. Əgər yaşlı və orta nəsl sırf leqalizasiya məsələləri ilə məşğul idisə, gənc və kiçik yaşlı nəsil azərbaycanlılar Avropa ölkələrinin tamhüquqlu, təhsilli vətəndaşlarıdır. Bu da gələcəkdə Azərbaycan icmalarının öz işlərini daha düzgün istiqamətdə yönəltmək üçün geniş imkanlar açır.

Bu gün azərbaycanlılar Avropanın müxtəlif siyasi partiyalarında təmsil olunurlar. Amma bu, qənaətbəxş deyil. Azərbaycanlılar yalnız Avropadakı iqtidar partiyasını deyil, bütün partiyaları əhatə etməlidir. Seçki orqanlarında demək olar vəziyyət heç ürəkaçan deyil. Azərbaycanlılar bələdiyyə, əyalət və parlamentdə təmsil olunmaq üçün cəhd göstərməlidirlər. Hesab edirəm ki, bu məsələdə Avropadakı Türkiyə icmalarının keçdiyi yol diqqətlə öyrənilməlidir. 

- Sizcə Avropa kimi sivil məkanda bu prosesin başlanmasına mane olan nədir?

- Bəzi Avropa ölkələri miqrantların öz cəmiyyətlərinə tam şəkildə və tamhüquqlu inteqrasiyasında maraqlı deyillər. Bir çox ölkələrdə miqrant yerli əhali qədər yüksək səviyyədə yaşayırsa, bu, qısqanclıqla qarşılanır. Avropalılar daha çox məzlum xalqları ölkələrində görməyə maraqlıdırlar. 

- Avropaya son vaxtlar mühacir axını gündəmdədir. Bunlar arasında azərbaycanlıların da artdığı deyilir. Bu məsələdə reallıq nədən ibarətdir? Ümumiyyətlə, Avropada oturum almaqla bağlı son durum, hazırkı şərtlər ilə bağlı reallıq necədir?

- İndi Avropada mühacir axını pik səviyyəyə çatıb. Hər il yüz minlərlə mühacir dayanmadan Avropaya axın edir. Bu cür mühacirət Avropaya II Dünya müharibəsi zamanı baş verib. Artıq bəzi ölkələrdə avropalılar təhlükə ilə üzləşiblər. Parisdə və Brüsseldə daş küçələrdə böyüyən uşaqlar, xəstə yatan mühacirlər gündən-günə artır. Yerli orqanlar əllərindən gələni edirlər, amma lazımi nəticəni vermir. İnsanlar müharibələrdən, aclıqdan və zorakılıqdan qaçıb Avropaya sığınırlar. Bunların arasında daha çox Afrika və ərəb ölkələrindən gələn mühacirlər var. Azərbaycanlılar bunların arasında demək olar yox dərəcəsindədirlər. Avropa ölkələri iqtisadi deyil, siyasi məsələlərlə bağlı problemlə üzləşmiş insanlara daha çox yardım edirlər.

- Avropadakı azərbaycanlıların diaspor fəaliyyəti barədə nə deyə bilərsiniz? Son vaxtlar mətbuatda, xüsusilə sosial şəbəkələrdə Avropadakı Azərbaycan diasporunun fəaliyyəti bəzi məsələlərdə passivliyinə görə tənqid olunur. Ümumiyyətlə, Avropadakı azərbaycanlılar arasında birliyin yaranmasına əngəl olan nədir, hansı meyarlar ayrı-seçkilik yaradır, problem nədir?

- Avropa ölkələrindəki diaspor təşkilatlarının fəaliyyəti ölkələrə görə dəyişir. Bəzi ölkələrdə Azərbaycan icmaları geniş şəkildə və fəal fəaliyyət göstərirlər, bəzilərində isə qənaətbəxş deyil. Məsələn, Niderland Krallığında onlarla diaspor təşkilatı mövcuddur və çox fəaldırlar. Bu ölkədəki erməni icmaları isə çox passivdir. Ona görə də burada nəinki erməni həmlələrinin qarşısı alınır, hətta əks-hücuma da keçmək olur. Məsələn, ölkənin qəlbi olan Rotterdamda Bakı küçəsinin yenidən açılması, barelyefin ucaldılması, Haaqa şəhərində Xocalı soyqırımı abidəsinin açılışı, Niderlandın Milli Qəhrəmanı həmyerlimiz Məmməd Məmmədovun (“Medo”) heykəlinin ucaldılması, onun adına küçənin olması və s. buna misaldır. Bu, Avropada azərbaycanlılar üçün kiçik məsələ deyil. Fransada, Skandinaviya, Şərqi Avropa ölkələrində və digər bir çox ölkələrdə icmalarımız fəaldırlar. Amma Avropanın bəzi ölkələrində sırf mədəni tədbirlər həyata keçirilir, siyasi tədbirlərə yer verilmir. Təbii ki, bu ölkələrdə də erməni təşkilatları daha fəal surətdə fəaliyyət göstərirlər. Güclü diaspor liderlərimiz olan ölkələrdə azərbaycanlılar arasında birliyi saxlamaq çətin olmur və burada hər hansı problem görmürəm. Bəzi ölkələrdə azərbaycanlıların ailə təşkilatları və sırf regional prinsiplərə dayanan təşkilatlar gözə çarpır. Adətən, bunların da ömrü uzun olmur, fəaliyyətləri dar çərçivədə yürüyür.

Bilirsiniz, gənclər təşkilatlarının diaspor təşkilatları daxilində daha çox fəaliyyət göstərməsi lazımdır. Diaspor təşkilatlarına söykənməyən və onun daxilində olmayan gənclər təşkilatları bəzən dəryada istiqamətini itirən, yelkənsiz qayığa bənzəyir və sonunda yox olurlar. Bəzən də digər sahillərə yan alırlar. Ailə təşkilatları böyük diaspor cəmiyyətlərinin tərkibinə daxil olmalıdırlar. Bu, onları daha da güclü edər. Əks təqdirdə heç bir fəaliyyətdən söhbət gedə bilməz. Eyni regionlarda fəaliyyət göstərən təşkilatlar konqreslərdə və federasiyalarda birləşərsə, daha effektiv fəaliyyət əldə etmək olar. Təbii ki, təşkilatların müstəqil söz sahibliyinin saxlanılması şərti ilə.

Bununla yanaşı, azərbaycanlıların zəif fəaliyyət göstərdiyi ölkələrin də adını çəkmək istərdim. Diasporumuzun zəif olduğu, siyasi proseslərə qatılmadığı Avropada ölkələri Bolqarıstan, Slovakiya, İspaniya və Portuqaliyadır.

- Avropanın bəzi parlamentariləri, siyasiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycanla bağlı ziddiyyətli bəyanatlar səsləndirirlər, lakin 25 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistana ciddi irad tutmurlar. Avropada yaşayan bir azərbaycanlı kimi bunu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin Avropada tanıdılması üçün hansı metodlardan istifadə edərdiniz?

- Avropada bəzi siyasi dairələr və siyasətçilər Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər. Bu praktika illərdir davam edir. Bu, yalnız Azərbaycana yox, qardaş Türkiyəyə də qarşı baş verir. Bu standartları yalnız Avropa institutları tətbiq etmirlər, digər qurumların da fəaliyyətində görmək olar. Məsələn, BMT-nin Ermənistana qarşı məlum 4 qətnaməsinin 20 ilə yaxındır icra olunmaması, digər mövzular barədə təcili icra olunan qətnamələri ilə müqayisədə fikrimizi təsdiqləyir. Ona görə də Avropa Azərbaycanlıları Konqresi artıq Avropa institutlarında və beynəlxalq qurumlarda akkreditə prosesi keçir, bu məsələlərdə susmayacağını bəyan edir. Üzvlərimiz Avropada vergi ödəyiciləridirlər, Avropa vətəndaşıdırlar və səsimizi alaraq Avropa institutlarında oturan yerli siyasətçilər qarşısında kəskin suallar qoyacağımıza əmin ola bilərsiniz.

- Azərbaycan Prezident İlham Əliyev ötən il oktyabrın 5-də “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Siz ölkədən kənarda bizneslə məşğul olan birisi kimi Azərbaycan məhsullarının Avropaya ixracı üçün nə təklif edərdiniz? 

- Azərbaycan brendinin dünyada tanıdılması istiqamətində xaricdə yaşayan azərbaycanlıların, o cümlədən bizneslə məşğul olan soydaşlarımızın üzərinə mühüm vəzifələr düşür. Bu, uzun bir prosesdir. Azərbaycan məhsullarının Avropaya və digər qitələrə ixracı üçün ilk növbədə məhsulların keyfiyyətini yaxşılaşdırmalı, standartlara uyğunlaşdırmalıyıq. Azərbaycan məhsullarının tez-tez bu ölkələrin ticarət sərgilərində nümayişini təşkil etməliyik. Bir ölkənin məhsullarının, mətbəxinin Avropa və digər qitələrdə tanıdılması üçün ilk növbədə turizmin inkişafı yüksək səviyyədə olmalıdır. Avropalıların ölkəyə axını başlamalıdır. Ən əsası isə Avropa ölkələri ilə birbaşa aviareyslər açılmalıdır. Məsələn, Amsterdam-Bakı reysi illərdir açılmır. Bunun üçün nə qədər cəhd göstərilsə də, hələlik heç bir nəticə yoxdur. Halbuki niderlandlılar dünyanın ən çox səyahət edən sakinləri sırasındadırlar. Demək olar hər bir niderlandlı ildə dörd dəfə dünyanın müxtəlif ölkələrinə səyahət edir. Eyni zamanda, Belçikada, Almaniyada yüz minlərlə həmyerlimiz yaşayır. Təsəvvür edin, bu ölkələrdən AZAL ilə Bakıya uçmaq üçün Parisə getmək lazımdır. Bu da ən azı 500 kilometr məsafədir. Ona görə də istər soydaşlarımız, istərsə yerli əhali digər aviaşirkətləri seçirlər. Bir sözlə, Avropadakı azərbaycanlıların kapitalı digər dövlətin büdcəsinə getmiş olur. Nəticədə Azərbaycana gedəcək turistlərin sayı iki dəfə azalmış olur. Əlbəttə, ölkəmizə getməyən, onun məhsullarını tanımayan avropalı öz ölkəsində bizim məhsullara baxanda onun üçün məchul görünür.

- Bu yaxınlarda Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyinə seçilmisiniz, nə kimi planlarınız var?

- Cari ilin mart ayında keçirilən qurultayda AAK-ın rəhbəri seçildim. Bu, Avropadakı Azərbaycan icmaları, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən mənə göstərilən etimaddır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən AAK-a göndərilən müraciəti dövlətin bu quruma nə qədər ümid bəslədiyini, etimad göstərdiyini əks etdirir.

Aprel ayında ilk olaraq Milli Məclisdə müxtəlif görüşlər keçirdim. Parlament rəhbərliyi, Avropa ölkələri ilə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə görüşdüm. Bu qruplar ilə əlaqəyə çox önəm verirəm. Bir müddət əvvəl Azərbaycan-Lüksemburq dostluq qrupunun rəhbəri Elmira Axundova ilə Lüksemburq parlamentində ən yüksək səviyyədə görüşlər keçirdik. Bu görüşləri bütün Avropa ölkələrində keçirməyi planlaşdırıram. Düşünürəm ki, bu qrupların fəaliyyəti ölkəmizi digər Avropa ölkələri ilə yaxınlaşdırır, sıx əlaqələrin qurulmasına yardım edir.

İlk işimiz AAK-ın baş ofisini Berlindən Brüsselə köçürmək, Avropa Parlamentində və digər Avropa institutlarında, beynəlxalq qurumlarda akkreditə olunmaqdı, BMT-nin Avropa ofisləri ilə sıx əlaqəyə girməkdir. Əsasən Avropanın siyasi müstəvisində çalışmağı hədəfləyən AAK-ın yeni heyəti artıq fəaliyyətdədir. 

Son xəbərlər

Orphus sistemi