Aİ ekspertləri Ukraynadakı milli azlıqların rəhbərləri ilə görüşüblər

Aİ ekspertləri Ukraynadakı milli azlıqların rəhbərləri ilə görüşüblər Görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edib
Diaspor
10 Fevral , 2015 15:51
Aİ ekspertləri Ukraynadakı milli azlıqların rəhbərləri ilə görüşüblər

Bakı. 10 fevral. REPORT.AZ/ Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin əsas konfrans zalında Aİ-nin nümayəndə heyəti ilə Ukraynadakı ictimai təşkilatlar və milli azlıqların liderləri ilə görüş keçirilib.

Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, Aİ ekspertləri - Şotlandiyanın insan haqları üzrə əməkdaşı Brüs Adamson, qurumun Rumıniyada ayrı-seçkiliyə qarşı mübarizə üzrə milli şurasının prezidenti Çaba Ferentsa Astaloş, siyasi məsələlər üzrə əməkdaşı və Aİ-nin xarici siyasət idarəsinin nümayəndəsi Xuan Manuel Lopes Ukrayna-Aİ arasında viza rejiminin liberallaşdırılması planları çərçivəsində Ukraynanı ziyarət ediblər.

Görüşə Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev, Ukrayna Milli İcmaları Konqresinin icraçı vitse-prezidenti İosif Zisels, Ukrayna Macarları Demokratik İttifaqının fəxri rəhbəri Mixail Tovt, həmçinin Ukrayna-Çexiya Milli Şurasının sədri Lüdmila Muxina dəvət olunub.

Görüşün məqsədi Ukraynada milli azlıqların hüquqi və praktiki aspektləri üzrə fikir mübadiləsi aparmaq olub.

Lüdmila Muxina öz çıxışında qeyd edib ki, Ukraynada kompakt yaşayan çex icması milli və dil əlamətinə görə heç bir sıxışdırma halına rast gəlməyib.

Mixail Tovt da təsdiq edib ki, Ukraynada tolerantlıq səviyyəsi kifayət qədər yüksəkdir və yeganə narahatlıq etnik gənclərin dövlət təhsil ocaqlarında milli azlıqların dilində tədris alması üçün büdcə tərəfindən məhdudiyyəti ilə bağlıdır.

İosif Zisels Ukrayna ilə Aİ arasında vətəndaşlar üçün viza rejiminin liberallaşdırılmasının lehinə çıxış edib. O hesab edir ki, bu amil ukraynalıların Avropa cəmiyyətinə yaxınlaşdırılması və intqrasiyası istiqamətində vacibdir.

O, həmçinin qeyd edib ki, Ukraynada antisemitizm səviyyəsi Avropa ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır.

Rövşən Tağıyev isə öz növbəsində vurğulayıb ki, Ukrayna milli azlıqlara qarşı yüksək səviyyəli tolerantlığa malik çoxmillətli Avropa ölkəsidir.

O, həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri olaraq qeyd edib ki, Ukraynada təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda, digər etnosların nümayəndələrinə qarşı etniki mənsubiyyətinə görə heç bir ayrı-seçkilik yoxdur.

Dil əlamətinə görə ayrı-seçkililik də yoxdur, çünki Ukraynanın "Dövlət dili siyasəti əsasları barədə" qanunu kompakt yaşayan etnosların nümayəndələrinə millətlərarası ünsiyyət dilini rahat şəkildə istifadə etməyə icazə verir.

Görüşün sonunda Rövşən Tağıyev Aİ nümayəndə heyəti ekspertlərini Avropa İttifaqı siyasətçiləri ilə görüş zamanı müzakirə olunan informasiyanın və ölkədə yaranan vəziyyətlə bağlı məlumatların obyektiv şəkildə çatdırmağa çağırıb və Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə bağlı müsbət qərarın qəbul edilməsi istiqamətində xahişini çatdırıb.

Son xəbərlər

Orphus sistemi