Yuxarı
    Bağlamaq

    Almaniyada "Qarabağ" klubu haqqında danışdılar

    ​Almaniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində “Azərbaycan Mədəniyyət Günü” adlı tədbir keçirib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

    Fridrix Şiller adına Yena Universitetində təşkil olunmuş tədbirdə Türingiya vilayətinin müxtəlif universitetləridə təhsil alan alman və digər millətlərdən olan tələbələr, eyni zamanda yerli sakinlər iştirak edib.

    Tədbirin aparıcısı Şəlalə Yusifova iştirakçıları salamladıqdan sonra Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl Azərbaycanın tarixi haqqında ümumi məlumat verib. O, Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da bildirib.

    Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladığı materiallar təqdimat olunub. Azərbaycanın coğrafiyası haqqında Murad Cəlalov, mədəniyyəti barədə Dəryən Rüstəmov və Azərbaycanın iqtisadi imkanları haqda isə Bəhlul Məhərrəmov təqdimatla çıxış edib. Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat olub. Pia Plappert öz çıxışında ölkənin tanınmağında Azərbaycanda keçirilən beynəlxalq yarışların böyük rolu olduğunu deyib. Sonra isə Azərbaycanın idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə ətraflı məlumat verib. Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən “Qarabağ” futbol klubunun adını xüsusi vurğulayıb. P.Plappert “Qarabağ” klubunun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu da qeyd edib.

    Azərbaycan haqqında təqdimatdan sonra iştirakçılar arasında kiçik viktorina keçirilib və qaliblər Azərbaycanı əks etdirən kiçik hədiyyələrlə mükafatlandırılıb. Sonda tələbələrin ifasında Azərbaycan milli rəqsləri təqdim edilib. Alman və azərbaycanlı tələbələrin ifasında “Naz eləmə” rəqsini iştirakçılar böyük coşqu və alqışla qarşılayıb.

    Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində Azərbaycanı əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi