Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyunda hava şəraitindən ehtiyatlanır

Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyunda hava şəraitindən ehtiyatlanır Kapitan Stiven Devis: "Rəqib isti iqlimə bizdən çox uyğunlaşıb"
Futbol
2 İyun , 2017 10:50
Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyunda hava şəraitindən ehtiyatlanır

Bakı. 2 iyun. REPORT.AZ/ Şimali İrlandiya milli komandası Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında isti hava şəraitindən ehtiyatlanır.

"Report"un məlumatına görə, britaniyalılar Bakıdakı iqlim şəraitinə uyğunlaşmaq üçün görüşdən əvvəl Türkiyədə dörd günlük təlim-məşq toplanışı keçməyi qərara alıblar. Lakin toplanışın hansı şəhərdə olacağı açıqlanmır.

Baş məşqçi Maykl O`Nil bildirib ki, Azərbaycanla görüş ilin bu vaxtında səfər etmələri baxımından ən əlverişsiz oyundur. Amma o, təqvimə uyğun olaraq, matça çıxacaqlarını və hər şeyin qaydasında olacağını vurğulayıb: "Şərtlərdən çox da narahat deyiləm. Bunu futbolçularımda da görürəm. Onların hazırlığı və meydanda nəyə qadir olduqlarını göstərmə bacarıqları həqiqətən də yaxşı səviyyədədir. Xeyrimizə olan yeganə amil isə ilin bu vaxtında cəmi bir rəsmi oyun keçirməyimizdir".

Kapitan Stiven Devis isə isti hava şəraitinin təsiredici amillərdən olacağını bildirib: "Azərbaycan yığmasının futbolçuları bizə nəzərən belə havaya daha çox uyğunlaşıblar. Belə şəraitə uyğunlaşmaq üçün Bakıya səfər öncəsi bir neçə günlük hazırlıq keçmək çox vacibdir. Qrupda yaxşı mövqedəyik və bunu daha da gücləndirmək imkanı qazanmışıq. Bakıdakı şərait Belfastdakından fərqlənəcək. Amma hesab edirik ki, səfərdən yaxşı nəticə ilə qayıtmağımız üçün lazımi keyfiyyətlərə malikik".

Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq.    

Son xəbərlər

Orphus sistemi