Səlim Müslümov: "Bu il cənub zonasında 2 min nəfərin məşğulluğu təmin olunub"

Səlim Müslümov: "Bu il cənub zonasında 2 min nəfərin məşğulluğu təmin olunub" Naziri Astarada 5 rayonun sakinləri ilə görüşüb
Futbol
7 İyul , 2017 18:36
Səlim Müslümov: Bu il cənub zonasında 2 min nəfərin məşğulluğu təmin olunub
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report

Bakı. 7 iyul. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul zamanı müraciətlər dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. S.Müslümov Prezident İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, bu bölgədə də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb: “Sərəncamın icrası çərçivəsində Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında 20-dən çox fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda bu rayonlarda həmin təbəqələrdən olanlar üçün daha 11 ev inşa olunur və yaxın aylarda yeni evlərin tikintisinə da başlanacaq”.

Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan məşğulluq məsələsi ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Onlara yaşadıqları ərazi üzrə müəssisələrdəki boş (vakant) iş yerləri təklif edilərək, seçdikləri və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər təqdim edilib. Nazir bildirib ki, kənd təsərrüfatının inkişafı yönündə həyata keçirilən kompleks tədbirlər Lənkəran iqtisadi rayonunda da bu bölgə üçün ənənəvi iqtisadi sahələrin, o cümlədən çayçılığın, çəltikçiliyin, tərəvəzçiliyin və s. dirçəlməsinə səbəb olub: “Bununla bərabər, növbəti sənaye zonasının Masallı rayonunda yaradılması işləri, bölgənin turizm infrastrukturunun inkişafına yönələn tədbirlər və s. yerli əmək resurslarının məşğulluq imkanlarını əhəmiyyəti şəkildə artırıb. Ötən ay isə cənab Prezidentin imzaladığı “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 8 iyun 2017-ci il tarixli Sərəncam bu rayonda abadlıq-quruculuq işlərinin davam etməsinə, rayonun turizm potensialının daha da təkmilləşməsinə imkan verəcək, digər tərəfdən bu istiqamətdə görüləcək tədbirlər yeni iş yerlərinin yaranmasına səbəb olacaq”.

S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən də bəhs edib: “Bu tədbirlər nəticəsində cari ilin 6 ayında Astara, Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarında da 2 min nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, 60 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Özünüməşğulluq proqramı çərçivəsində də həmin rayonlarda məqsədyönlü işlər aparılır. Bu rayonlar üzrə 90 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramında iştirak edir ki, onlardan artıq 85 nəfərinə aktivlər (mal və materiallar) verilib, yaxın günlərdə digərlərinə də təqdim olunacaq. Ümumilikdə isə ölkə üzrə artıq 800 nəfər insan özünüməşğulluq proqramı çərçivəsində nazirlik tərəfindən verilmiş aktivlər hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə təsərrüfatlarını yaradıb”.

Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, reabilitasiya vasitələri ilə təmin edilmək istəyən müvafiq şəxslər qeydiyyata alınıblar. Həmçinin bərpa müalicəsinə ehtiyac duyan şəxslərin nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilməsi ilə bağlı tapşırıq verilib. “Hazırda nazirliyin Lənkəran rayonunda da Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi fəaliyyət göstərir. Ötən il və cari ilin 6 ayında Mərkəzdə 426 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib”, deyə qeyd edən S.Müslümov bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkədə əlilliyi olan şəxslər üçün bir sıra bərpa müalicəsi müəssisələrində artıq yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələcəkdə digər bərpa mərkəzlərində, o cümlədən Lənkəran rayonundakı Regional Bərpa Mərkəzində də reabilitasiya şəraitinin ən müasir tələblərə uyğun qurulması təmin ediləcək”.

Qəbul zamanı vətəndaşlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması, onların maddi təminatlarının artırılması, eyni zamanda məşğulluq imkanlarının artırılması üçün aparılan məqsədyönlü işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi