Renat Dadaşov: "Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm"

Renat Dadaşov: "Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm" "Ürəyimin səsinə qulaq asdım"
Futbol
23 Mart , 2017 11:44
Renat Dadaşov: Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm
fnp.de

Bakı. 23 mart. REPORT.AZ/ Almaniya mətbuatında futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovla bağlı geniş yazı dərc olunub. "Report"un məlumatına görə, fnp.de saytında yer alan məqalədə 17 may 1999-cu ildə Almaniyanın Ryudeshaym şəhərində doğulan mərkəz hücumçusunun karyerasına nəzər salınıb.

Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən yığma üzvü 2015-ci ilin iyulundan 2017-ci ilin yanvarınadək "Leyptsiq" komandasında forma geyinsə də, Frankfurt təmsilçisinə geri dönüb.

R.Dadaşov son vaxtlar formada olduğunu vurduğu qollarla isbatlamaqdadır. Bundesliqanın Cənub Gənclər zonasında XX tur çərçivəsində "Ştutqarter Kikkers"lə görüşdə het-trik edən, ötən həftə isə "Hoffenhaym"la matçda bir qol vuran hücumçu Azərbaycan milli komandasında çıxış etmək üçün uzun müddət düşündüyünü, ailəsi və yaxınları ilə məsləhətləşdiyini söyləyib: "Ürəyimin səsinə qulaq asdım. Doğru bildiyim şeyi edirəm. Azərbaycan yığmasının heyətində debütümü və Almaniya millisinə qarşı oynamağı səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, martın 26-da Bundestimlə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün Azərbaycan milli komandasına çağırılan R.Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Onun "Ayntraxt" klubunu ilə müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. 18 yaşlı hücumçu cari mövsümdə klubunun heyətində 11 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.

Son xəbərlər

Orphus sistemi