"Qarabağ"ın baş məşqçisi Azərbaycan - Şimali İrlandiya oyununu dəyərləndirib

"Qarabağ"ın baş məşqçisi Azərbaycan - Şimali İrlandiya oyununu dəyərləndirib "Biz millidən yaxşı mübarizə, yaxşı oyun və sonda yaxşı nəticə gözləyirik"
Futbol
5 İyun , 2017 13:54
Qarabağın baş məşqçisi Azərbaycan - Şimali İrlandiya oyununu dəyərləndirib

Bakı. 5 iyun. REPORT.AZ/ "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin iyunun 10-da Bakıda Şimali İrlandiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün şanslarını dəyərləndirib.

45 yaşlı mütəxəssis "Report"a müsahibəsində rəqibin Bakıya Yeni Zelandiya üzərində qələbə ilə gəlməsinin önəmli olmadığını bildirib. O, vacib qarşılaşmada millidən gözləntilərini açıqlayıb: "Futbolçularımıza və məşqçilər heyətinə güvənmək, onların yanında olmaq lazımdır. İyunun 10-da stadionda olacaq, azarkeşliyimizi edəcəyik. Şansımız var. Düzdür, rəqib zəif komanda deyil, çox atletik komandadır. Amma biz millidən yaxşı mübarizə, yaxşı oyun və sonda yaxşı nəticə gözləyirik".

Q.Qurbanovun fikrincə, Avstriya toplanışında heç bir yoldaşlıq görüşü keçirməməsi Azərbaycan yığmasına problem yarada bilməz: "Hər bir baş məşqçinin öz düşüncələri, öz hazırlıq proqramı var. Millimiz yoldaşlıq görüşü keçirməsə də, ikitərəfli oyunda iştirak edib. Ona görə də düşünmürəm ki, futbolçularımız hər hansı çətinliklə üzləşsinlər. Çünki onlar illər boyu birgə çıxış ediblər. Millinin özəyi 2-3 klubdan qurulub. Bəlkə də mövsümboyu birgə oynamaları amilindən faydalanmaq mümkün olacaq".

Hazırda "Qarabağ"ın 11 oyunçusu Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığmalarında, qapıçı İbrahim Şehiç isə Bosniya və Herseqovina millisindədir. Q.Qurbanov bu səbəbdən, əsas heyət üzvlərinin çoxu olmadan məşq etdiklərini xatırladıb. Bununla belə, baş məşqçi komandasının oyun praktikası sarıdan əziyyət çəkməyəcəyini bildirib: "Zatən biz də hazırda məşqlər edirik. Amma həm əsas milli iyunun 10-da Şimali İrlandiyaya qarşı çox vacib oyuna çıxacaq, U-21 iki görüş keçirməlidir. Avstriyadakı təlim-məşq toplanışı müddətində 4 oyunumuz olacaq. Oyun praktikası baxımından çətinlik çəkəcəyimizi düşünmürəm".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi