Məhkəmə Əli İnsanovun vəsatətlərini təmin etməyib - YENİLƏNİB

Məhkəmə Əli İnsanovun vəsatətlərini təmin etməyib - YENİLƏNİB Prosesə jurnalistlər buraxılmayıb
Hadisə
7 Aprel , 2017 16:48
Məhkəmə Əli İnsanovun vəsatətlərini təmin etməyib - YENİLƏNİB

*** 15:33

Bakı. 7 aprel. REPORT.AZ/ Qaradağ rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un məlumatına görə, prosesə jurnalistlər buraxılmayıb.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Ə.İnsanovun vəkilləri Toğrul Babayevlə Ağaveys Şahverdi vəsatətlə çıxış ediblər.

Onlar sabiq nazirin heç bir günahının olmadığını, Ə.İnsanovun azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini və həbs qətimkan tədbirinin ləğv edilməsini istəyiblər.

Vəsatətə münasibət bildirən Ə.İnsanov onun barəsində irəli sürülmüş ittihamın əsassız olduğunu deyib: "Mən heç məhkəməyə belə gəlmək istəmirdim".

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il il avqustun 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Qaradağ Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi