Əfran İsmayılov: "Çexiya bura xal almağa gəlmişdi və istədiyini qazandı"

Əfran İsmayılov: "Çexiya bura xal almağa gəlmişdi və istədiyini qazandı" "Səviyyə fərqi özünü göstərdi"
Futbol
6 Oktyabr , 2017 09:30
Əfran İsmayılov: Çexiya bura xal almağa gəlmişdi və istədiyini qazandı
"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Bakıda Çexiya yığmasına 1:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.

"Report" xəbər verir ki, meydan sahiblərinin yeganə qolunun müəllifi əvvəlcə oyunu dəyərləndirib:

- Həm Rəşad Sadıqova görə, həm də qrupda 3-cü yeri tutmaq üçün qələbə qazanmağı çox istəyirdik. Şanslarımız oldu, həqiqətən də hücum futbolu nümayiş etdirdik. Çexiya şanslarından yararlandı. Bizim də qol imkanlarımız oldu. Hesab 2:2 olsaydı, komandamız üçün yaxşı nəticə sayıla bilərdi. Amma nə etməli? Uduzsaq da, əsas odur ki, istədiyimiz oyunu nümayiş etdirə bildik, qol epizodları yaratdıq.

Çexiya udulası komanda idi?

- Hamı bizə udulası komanda kimi baxır. Biz isə heç kimə belə yanaşmırıq. Çexiya bura xal almağa gəlmişdi və istədiyini qazandı. Yenə deyirəm, doğrudan da zəif oynamadıq, şanslarımız çox oldu. Hər iki hissədə, öz qolumuzdan sonra epizodlar yaratsaq da, yararlana bilmədik. Səviyyə fərqi özünü göstərdi. Çexiya yığması əlinə düşən şanslardan yararlanaraq, qələbə qazandı.

Rəşad Sadıqovun komandadakı yeri görünəcəkmi?

- Əlbəttə, Rəşad komandamızın kapitanı idi. Bir lider kimi oyunumuzu hərtərəfli tənzimləyirdi. Öz qərarıdır. Qərarına hörmətlə yanaşmaq lazımdır. Mənə yaxındır, dostdur. Deyə bilərəm ki, belə bir futbolçudan bir daha olmayacaq. Yəqin ki, hələ "Qarabağ"da karyerasını davam etdirəcək. Yığmada isə onun yerinə özü kimisinin gələcəyinə inanmıram.

Razısanmı ki, son zamanlar ən yaxşı oyununu keçirdin?

- Pis çıxmasın, millidə həmişə başqa cür futbol oynayıram. Klubumda bir aydır çıxış etmirdim, amma burada oyuna tam fərqli yanaşmışdım. Hamımız milli komanda üçün oynayırıq. Bayrağı, gerbi fikirləşəndə həqiqətən də meydana tam fərqli ovqatda çıxırsan. Baş məşqçi də mənə etimad göstərir, özüm də əlimdən gələni edirəm. Açığı, yeri gəlsə, oynamayan futbolçu yığmaya çağırılmamalıdır. Amma Robert Prosineçki hər dəfə mənə dəvət göndərir, məni oynadır. Mən də bunun cavabını artıqlaması ilə verməyə çalışıram.

Almaniyaya hansı əhval-ruhiyyədə yollanırsınız?

- Çox üzgünük. Biri var ki, oynamadan, bir də var oynayıb uduzasan. Oynayıb uduzmaq həqiqətən də adama təsir edir. Nə demək olar? Almaniya elə bir komandadır ki, qrup lideridir. Əlimizdən gələni edəcək, canımızı qoyacağıq ki, bizim üçün ən yaxşı nəticəyə nail olaq.

Son xəbərlər

Orphus sistemi