Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb.
"Report"un məlumatına görə, Kosta Rika yığması Şimali Amerika zonası üzrə seçmə mərhələ matçında Hondurasa məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub.
1:1 hesablı heç-heçə bu komandaya qrupda ikinci yerin sahibi kimi mundiala yollanmaq hüququ verib. Qrup qalibi isə Meksika olub. Kosta Rika tarixində 5-ci dəfə dünya çempionatında mübarizə aparacaq. Son turda üçüncü vəsiqənin, eləcə də Asiya təmsilçisi (Avstraliya və ya Suriya) ilə "play-off" matçında üz-üzə gələcək komandanın adı müəyyənləşəcək.
Dünya çempionatına indiyədək bu komandalar vəsiqə qazanıb:
Avropa: Rusiya (təşkilatçı), Belçika, Almaniya, İngiltərə, İspaniya
Asiya: İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Cənubi Amerika: Braziliya
KONKAKAF: Meksika, Kosta-Rika
Afrika: Nigeriya