DÇ-2018: Dünya çempionatına Avropa zonasında vəsiqə qazanan sonuncu komandanın adı məlum olub

DÇ-2018: Dünya çempionatına Avropa zonasında vəsiqə qazanan sonuncu komandanın adı məlum olub Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatına Avropa zonasından vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.
Futbol
15 Noyabr , 2017 01:43
DÇ-2018: Dünya çempionatına Avropa zonasında vəsiqə qazanan sonuncu komandanın adı məlum olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatına Avropa zonasından vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

"Report" xəbər verir ki, həmin komanda Danimarka yığmasıdır.

İrlandiya millisi Dublindəki "Aviva” stadionunda keçirilmiş pley-off mərhələsinin cavab görüşündə Skandinaviya təmsilçisinə böyük hesabla uduzub - 1:5. Bu kollektivlər arasında Kopenhagendə baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alındığından, final mərhələsinə vəsiqəni Danimarka qazanıb. Hərçənd, cavab görüşündə ilk qolu artıq 6-cı dəqiqədə meydan sahiblərindən Şenyn Daffi vurub. Lakin 29-cu dəqiqədə Andreas Kristensen bərabərlik qolunun müəllifi olub. Daha sonra səhnəyə çıxan Kristian Eriksen 32, 63 və 74-cü dəqiqələrdə het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə penaltidən Niklas Bendtner qoyub. Beləliklə, Danimarka millisi tarixində 5-ci dəfə mundiala vəsiqə qazanıb.

DÇ-2018-də iştirak edəcək komandaların sayı isə 30-a çatıb. Onlardan 14-ü - Rusiya, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, İsveçrə, Xorvatiya, İsveç və Danimarka Avropanı təmsil edir.

Digər ölkələr Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Kosta-Rika, Misir, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunisdir.

Son 2 vəsiqənin sahibi bu gün saat 15:00-da başlanacaq Avstraliya - Honduras və noyabrın 16-da saat 06:15-də start götürəcək Peru - Yeni Zelandiya matçlarından sonra müəyyənləşəcək.

Xatırladaq ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi

Cavab oyun

14 noyabr

23:45. İrlandiya – Danimarka - 1:5

Qollar: Şeyn Daffi, 6 - Andreas Kristensen, 29. Kristian Eriksen, 32; 63; 74. Niklas Bendtner, 90-penalti ilə

İlk oyun – 0:0.

Son xəbərlər

Orphus sistemi