Bakı. 18 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunda mübarizəyə start verilib.
"Report"un məlumatına görə, qrupun ilk oyununda Belçika debütant Panama ilə üz-üzə gəlib.
Soçidəki "Fişt" stadionunda keçirilmiş görüş "qırmızı şeytanlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Lakin ilk yarıda qol vurmaq mümkün olmayıb. Hesabı 47-ci dəqiqədə Dris Mertens gözəl qolla açıb. Növbəti 2 qolu isə 69-cu və 75-ci dəqiqələrdə Romelu Lukaku vurub. Beləliklə, Belçika mundiala darmadağınla başlayıb.
Qrupun digər oyunu Tunis və İngiltərə milliləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.