Azərbaycanlı məşqçi: "Hindistan yığmasından futbolçulara fiziki təzyiq göstərdiyim üçün kənarlaşdırılmamışam"

Azərbaycanlı məşqçi: "Hindistan yığmasından futbolçulara fiziki təzyiq göstərdiyim üçün kənarlaşdırılmamışam" Etibar İbrahimov: "Bu müddət ərzində kobudluq etməmişəm"
Futbol
31 Yanvar , 2017 13:55
Azərbaycanlı məşqçi: Hindistan yığmasından futbolçulara fiziki təzyiq göstərdiyim üçün kənarlaşdırılmamışam

Bakı. 31 yanvar. REPORT.AZ/ Hindistanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Azərbaycandan dəvət olunmuş məşqçilər heyəti ilə yollarını ayıracaq. "Report"un "The Times of İndia"ya istinadən verdiyi məlumata görə, Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Nikolay Adam və onun fiziki hazırlıq üzrə köməkçisi Etibar İbrahimovla müqavilənin pozulma variantı gündəmə gəlib.

Səbəb kimi oyunçuların almaniyalı mütəxəssis və onun azərbaycanlı köməkçisindən yazılı şikayət etmələri göstərilir. Onlar Ümumhindistan Futbol Federasiyasının (AİFF) prezidenti Praful Patelə müraciətlərində Adamla İbrahimovun fiziki təzyiqlərinə məruz qaldıqlarını bildiriblər. Konkret, baş məşqçi yığma ilə birgə Almaniyada olarkən, yeniyetmə futbolçuları təhqir edib, hətta çəkərəyi onlardan birinin başına vurub. Nəticədə oyunçu huşunu itirib. Köməkçi-məşqçinin də oyunçuları vurduğu bildirilir.

AİFF isə indiyədək heç bir şikayətlə rastlaşmadıqları halda, məktubda yazılanları gözlənilməz qarşılayıb. Bununla belə, federasiya dərhal reaksiya verərək, baş məşqçidən istefaya getməsini xahiş edib.

Öz növbəsində azərbaycanlı məşqçi "Report"a açıqlamasında Hindistan yığmasından ayrılma ehtimalının olduğunu təsdiqləyib. Lakin o, müqavilənin pozulmasının Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş turnirdə Hindistan yığmasının zəif nəticə göstərməsi ilə əlaqələndirib: "Hazırda Gəncədəyəm. Bura viza müddətini artırmaq üçün gəlmişdim. Ancaq Nikolay Adam zəng edib bildirdi ki, ola bilsin, müqaviləni pozduq. Əsas narazılıqlar Qranatkin turniri ilə bağlıdır. Biz 16-17 yaşlı futbolçularla yollansaq da, 18-19 yaşlılardan ibarət komandalara qarşı mübarizə aparmalı olduq. Belə heyətlə hətta bir oyunda - qrup mərhələsində Belarus üzərində qələbə qazanmaq da böyük bir şeydir. Bir neçə günə hər şey dəqiqləşəcək. Qalıb-qalmamağımız bilinəcək".2-3 günə hər şey aydınlaşacaq".

İbrahimov futbolçulara fiziki təzyiqlər göstərmələrinə dair xəbərləri isə təkzib edib: "Bunlar boş söhbətlərdir. Qərar rəsmən açıqlananda hər şeyi biləcəksiniz. Əvvəllər 5 ilədək Azərbaycanın müxtəlif yaş qruplarından ibarə yığmalarında işləmişəm. Bu müddət ərzində hansısa kobud hərəkət etməmişəm. Hindistan yığmasında uşaqlar sözəbaxan idi. Hər biri istirahətdən gəldikdən sonra bildirirdilər ki, atamız, anamız təşəkkür edir ki, siz burada bizə valideyn kimi yanaşırsınız. Qalan məsələlər isə yalandır. Qranatkin turnirindən sonra narahatçılıq oldu ki, sonuncu olduq. Ola bilsin nəsə onunla bağlıdır. Yenə deyirəm, boş söhbətlərdir. Sübut yox, bir şey yox".

Qeyd edək ki, Nikolay Adam 2015-ci il aprelin 1-dən Hindistan yığmasında çalışır. 

Son xəbərlər

Orphus sistemi