Yuxarı

​Siyavuş Novruzov: " Əli Kərimli xeyli vaxtdır, Biləcəridən o tərəfə keçməyib, amma guya hər şeydən xəbəri var"

Əli Kərimli hesab edir ki, bp-dən aldığı pullar kimi bu neft pullarından da pay almalıdır

Bakı. 31 yanvar. REPORT.AZ/ "Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst-üstə düşür. Yəni, bunlar eyni mənbədən istiqamətləndirilir".

"Report"un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov YAP-ın rəsmi saytına müsahibəsində deyib.

O bildirib ki, Ə.Kərimlinin əməlləri ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir: "Bu plana uyğun olaraq da, Ə.Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı etiraf edir, onun zərərlərindən danışır, amma Əli Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün dünyanın vətəndaşları bilir. Bəs, Əli Kərimli kimilər bunu görmür?".

S. Novruzov əlavə edib ki, neft gəlirlərini Azərbaycandan yaxşı istifadə edən ikinci bir ölkə yoxdur: "Hansı ölkələr bu qısa müddət ərzində Azərbaycan qədər düzgün, məqsədli şəkildə neft gəlirlərindən səmərəli istifadə edir? Bunu Beynəlxalq Valyuta Fondu da, Dünya Bankı da təsdiq edir. Ümumiyyətlə, neft gəlirlərinin idarə olunmasını izləyən qurumlar bu məsələdə Azərbaycanın gördüyü tədbirləri dəyərləndirirlər. Neft gəlirləri xalq üçündür. Yəqin, Əli Kərimli hesab edir ki, bp-dən aldığı pullar kimi bu neft pullarından da pay almalıdır. Amma nəzərə almalıdır ki, bu, Azərbaycan xalqının sərvətidir, yalnız xalqa xidmət edir. Ə.Kərimlinin Böyük Britaniya banklarında milyonlarla pulunun olması sübut olunub. Övladları ən bahalı universitetlərdə oxuyur, xaricdə bahalı evləri, mülkləri var. Bunları hansı vəsait hesabına əldə edib, əvvəlcə bunun hesabatını versə yaxşı olar. Sonra başqa şeylərdən danışsın. Neft gəlirlərindən təbii ki, səmərəli istifadə olunur. Azərbaycanda 3 mindən artıq məktəb, 500-dən çox tibb müəssisəsi tikilib. Eləcə də, yollar, körpülər, parklar salınıb. Neftdən gələn gəlirlər və onların xərclənməsi tam şəffaflıqla həyata keçirilir. Ə.Kərimli xeyli vaxtdır, Biləcəridən o tərəfə keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri var".

O bildirib ki, hakimiyyətin 10 qızıl şərti var, AXCP sədri bunu bilmirsə, gedib oxuyub öyrənsin: "10 qızıl şərtin birincisi sabitlikdir. Sabitlik olmayan ölkədə iqtisadi inkişaf, islahatlar mümkün deyil. Hər hansı sahələrə dəyər vermək mümkün deyil. Bu gün dövlət vəsaiti hesabına 5000-ə yaxın gənc xaricdə təhsil alıb yüksək mütəxəssis kimi Azərbaycana qayıdırlar. Neft kapitalının insan kapitalına çevrilməsi budur. Amma Ə.Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb milli maraqlara zidd fəaliyyət göstərir. O, erməni lobbisinə xidmət edən, onlardan qrant alan bəzi insanlarla əlbir olub. Leyla Yunus kimi casusların canfəşanlıqla müadafiə etməsi də buradan qaynaqlanır.

Ukraynaya, Yaxın Şərqə nəzər salsaq, silahlı qarşıdurmalar nəticəsində hər gün yüzlərlə insanın öldürüldüyünü görürük. Sən istəyirsən ki, bizdə də qeyri-sabitlik olsun, insanlar ölsünlər və buna sevinəsən. Amma bu baş tutan məsələ deyil. Azərbaycan hökuməti heç vaxt buna yol verməyəcək, sabitliyi qoruyub saxlayacaq. Ölkəmizdə sabitliyin pozulması həm Ə.Kərimlinin, həm də onu maliyyələşdirən, arxasında dayanan, himayə edən qurumların arzusudur. Təbii ki, Azərbaycanın sabitliyini gözü götürməyən xarici dairələr çoxdur. AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Elçibəydən qalan partiyadan əsər-əlamət yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi