Ziyafət Əsgərov: "Məscid nə vaxtdan siyasi diskussiya yeri olub?"

Ziyafət Əsgərov: "Məscid nə vaxtdan siyasi diskussiya yeri olub?" Milli Məclis sədrinin birinci müavini: "Bu cəhalət əksər hallarda xaricdən bizə idxal olunur"
Daxili siyasət
4 Dekabr , 2015 13:38
Ziyafət Əsgərov: Məscid nə vaxtdan siyasi diskussiya yeri olub?

Bakı. 4 dekabr. REPORT.AZ/ “Hər hansı bir cinayətkar dəstə əlinə silah alıb Azərbaycan Konstitusiyasına və dövlətinə qarşı qalxırsa bu ən ağır cinayətdir. Onlar ciddi şəkildə cəzalandırılmalıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, məsciddən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir: “Hərdən oturub Nardaranda baş verənlər haqqında düşünəndə adamda suallar yaranır ki, məscid nə vaxtdan siyasi diskussiya yeri olub? Görmüşük ki, hər kəs məsciddə ibadət edər. Onlar isə məsələnin əsl mahiyyətini bir kənara qoyub orada siyasətlə məşğul olurlar. Hər kəsə bəllidir ki, din siyasətdən ayrıdır. Odur ki, sizin siyasətlə nə işiniz var? Get işinlə məşğul ol. Hərəsi bir rəngdə bayraq asır. Bu bayraq anlayışı harada yazılıb? "Qurani-kərim"də bayraqla bağlı nəsə yazılıb? Bu sadəcə mənası və məzmunu olmayan bir şeydir. Hətta bunu imamların adları ilə bağlayırlar. Ayıbdır, axı”.

Z.Əsgərov vurğulayıb ki, hazırda XXI əsr olsa da, hələ də qulağımızın dibində orta əsrdə yaşayan insanlar var: “Uşaqları dinlə bağlı danışarkən videoya çəkirlər. Onların elmlə məşğul olan vaxtıdır. Biz isə onları qara qüvvələrin içərisinə itələyirik. Bu cəhalət əksər hallarda xaricdən bizə idxal olunur. Bunun icraçıları da xaricdə bir qəpik qiyməti olmayan insanlardır. Onlara da lazımdır ki, burada vəziyyəti qarışdırsınlar".

Milli Məclis sədrinin birinci müavini deyib ki, Azərbaycanda 90-cı illərin əvvəllərindəki vəziyyət müşahidə olunmur: "Hər kəs ürəyi istədiyi rəngdə bayraqdan istifadə edə bilməz. Azərbaycanın bir dövlət bayrağı var ki, o da üçrənglidir və konstitusiyada təsbit olunub. Ona görə də məscidlərdə və dövlət qurumlarında o bayraqlar dalğalanmalıdır”.  

Son xəbərlər

Orphus sistemi