Ziyafət Əsgərov: "Avropa Azərbaycanı dağıtmaq istəyir"

Ziyafət Əsgərov: "Avropa Azərbaycanı dağıtmaq istəyir" Milli Məclis sədrinin birinci müavini: "Axı, Azərbaycandan nə istəyirsiniz?"
Daxili siyasət
14 Sentyabr , 2015 13:48
Ziyafət Əsgərov: Avropa Azərbaycanı dağıtmaq istəyir

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əhəmiyyətsiz bir kağız parçasıdır”. “Report”un məlumatına görə, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, həmin qətnamədə Azərbaycanla bağlı yazılanlar tamamilə yalan, böhtan və qərəzdir: “Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”.

Z.Əsgərov deyib ki, Azərbaycanda siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur: “Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı, Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı, siz nə bilirsiniz ki, seçkilərin nəticələri necə olacaq? Axı, siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”.

Z.Əsgərov Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunaraq bildirib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürürsünüz. Axı, bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmur və olmayacaq. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur”. 

Son xəbərlər

Orphus sistemi