Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşüb Azərbaycanla Gürcüstan Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilən istiqamətlər üzrə genişləndirilməsi müzakirə olunub
Daxili siyasət
2 Dekabr , 2015 17:07
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı Tinatin Xidaşeli ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gürcüstanın nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qonaqlar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını da ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə nazir Z.Həsənov Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xüsusi qeyd edib.

Müdafiə naziri iki dövlət arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb.

Sonra Azərbaycanla Gürcüstan Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi, hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər dekabrın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi