Yuxarı
    Bağlamaq

    Zahid Oruc: “2017-ci ildən gözləntilərimiz böyükdür” - MÜSAHİBƏ

    “Eldar Mahmudovun sarayı ən böyük həbsxanadır”

    Bakı. 3 fevral. REPORT.AZ/  Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Orucun "Report"a müsahibəsi

    - Azərbaycanla bağlı 2017-ci ildən gözləntiləriniz nədir?

    - Siyasi mənada 2017-ci ildən gözləntilərimiz böyükdür. İlk növbədə ona görə ki, yeni Konstitusiyanın tələbləri qarşısında mühüm siyasi-iqtisadi dəyişikliklər dövrünə qədəm qoymuşuq.

    Vitse-prezidentlər institunun yaradılmasına gəldikdə, xalqla prezident, parlamentlə dövlət başçısı, hökumətlə Birinci şəxs arasındakı rabitənin qurulması idarəçilkdə mühüm keyfiyyət dəyişikliyinə səsəb olacaq.

    Cəmiyyət özünün liderinə inanır və iki nazirlik ətrafındakı böyük cinayətkar sistemdə olan tendensiyaların digər strukturlarda təkrarlanmaması mexanizmini tapmağı tələb edir. Prezident İlham Əliyev yanvarın 30-da keçirilən konfransda bu məsələlərə yer ayırdı,dəyişikliklərin anonsunu verdi.

    2017-ci il siyasi dəyişikliklər ili kimi yadda qalacaq. Amma etiraf etmək lazımdır ki, 2016-cı il maliyyə-bank sektrorundakı ağır yük və iki devalvasiyadan sonra dərinləşən problemlərin həlli yasağımız ilin bir nömrəli məsələsi elan olunmalıdır.

    İqtisadi sahədə həllini gözləyən və yeni lokomotivlərə daşınan resursların, texnoloji inqilabın astanasındayıq. Milli sənayesini qura bilməyən ölkələr dünyada istehklakçılıq əsarətindən qurtula bilmirlər. Xəzər dənizi üzərində qurulmuş iqtisadiyyatı dəyişmək, bir resursdan-xammal ixracından asılılığa son qoymaq lazımdır. Azərbaycan xalqı səhər oyanan kimi Nyu-York birjalarında neftin qiymətini gözləmək məhkumluğundan qurtulmalıdır. Bu, dövlət başçısının mövqeyidir. Belə olacağı təqdirdə, iqtisadiyyatın yeni sektorlara keçidi daha çox sürətlənəcək.

    - Deyirlər, bu il bütün dünyada iqtisadi baxımdan ağır il olacaq. Sizcə, Azərbaycan bu sınaqdan necə çıxacaq?

    - Bunun müəyyən qədər əsası var. Amma cəmiyyəti qorxutmağa ehtiyac yoxdur. Əgər hökumət çevik qərarlar verərsə, problemlərin böyük bir hissəsini dəf edə biləcəyik. Baxın, uzun illərdir ki, Milli Məclisdə özəlləşmə prosesinin dərinləşməsini, əhatə dairəsinin genişləndirilməsini təklif edirdik. Bu mövqelərin əsası nə idi? Sadəcə, ona görə yox ki, dünyada keçilmiş yoldur. Həmin təcrübəni dərindən analiz edəndə görürük ki, uğurlu nəticələr var. Gerçəkdən də özəlləşmə prosesi rəqabət mühitinə səbəb olur, şəffaflıq yaradır, menecmenti gücləndirir, xarici əlaqələri genişləndirməyə imkan verir. Təkcə buna görəmi özəlləşmə olmalıdır? Xeyr. 2016-cı ildə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ətrafında baş verən cinayətlərin araşdırılması bizim özəlləşmə ilə bağlı tələb və təkliflərimizin nə qədər əsaslı olduğunu sübuta yetirdi. Burada nə baş verirdi? Bildiyiniz kimi həmin qurumlar ətrafında məhkəmə prosesi davam edir. Həmin nazirlikdə 30-35 faiz xərcləri şişirdiblər, tenderləri keçirmədən öz yaxın ətrafları, çevrələrində yaradılmış qurumlar hesabına böyük investisiya xərclərini səmərəsiz xərcləyiblər. Mütəşəkkil cinayət əməlləri buradan törəyib.

    "Həmin nazirlikdə 30-35 faiz xərcləri şişirdiblər, tenderləri keçirmədən öz yaxın ətrafları, çevrələrində yaradılmış qurumlar hesabına böyük investisiya xərclərini səmərəsiz xərcləyiblər"

    Halbuki həmin sferada kommunikasiya sistemlərinin, rabitə texnologiyalarının böyük bir hissəsini özəlləşməyə çıxarılmaqla xeyli dövlət büdcəsi vəsaitinin talanmasının qarşısını ala bilərdik. Uzun illər AZAL-ın dövlət qarşısındakı götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinin şahidi olmuşuq. Rəqabət mühitində şirkət Azərbaycan vətəndaşı, eləcə də tranzit mərkəzi kimi bəhrələnən ölkələrin mövqeyinə müsbət təsir edərdi.

    Hazırda 325 müəssisə özəlləşməyə açıq elan edilib. Biz bunun faydalı olduğunu görürük. Səmərəsiz işləyən xəstəxanaya büdcə vəsaiti niyə yönəldilməlidir ki? Biz həmin müəssisədə 5-10 həkimi saxladığımızı bəhanə edib, büdcə vəsaitini ünvansız niyə məhv etməliyik?

    Manatın məzənnəsi ilə bağlı narahatlıq var. Manat ölkədə iqtisadi sabitliyin kursudur,sosial aktivliyin başlıca bazisidir. Əgər həftədə iki dəfə korreksiya siyasətini kabinetlərdə müəyyənləşdirəcəksənsə, manatın üzməsi nəinki baş verməyəcək, əksinə, bütün insanları gözlənti siyasətinə qoşmuş olacaqsan. Belə olan halda vətəndaş manatı xarici valyutaya dəyişib, seyrçi mövqeyə çəkiləcək və idxal-ixrac səviyyəsi qat-qat geriləyəcək. Hər kəsə məlumdur ki, Azərbaycan vətəndaşının banklarda olan əmanətlərinin 85-90 faizi xarici valyutadadır. Hər gün artan məzənnə nəyə səbəb olacaq? Vətəndaşlar qazanmırlar, ölkədaxili qiymət siyasəti dəyişir, yeni maddi dəyərlər formalaşır. Axı dollarla borcu olan vətəndaşları da düşünmək lazımdır. Dövlət Neft Fondundan ayrılan maliyyəni transfer etməklə problemləri həll etmək mümkün deyil. Yalnız sabit məzənnə əhalini aktiv proseslərə qaytarar və insanlar gözləmə səngərindən çıxıb yenidən dəyər yaratma yarışına qoşula bilər.

    - Nə təklif edirsiniz?

    - Bunun üçün hər gün geniş tədbirlər vasitəsilə iqtisadiyyatın problemlərini müzakirə edib, millətə göstərmək lazımdır, vətəndaş qarşısında olmaq lazımdır. Hökumətin ən böyük məsuliyyəti bundan ibarətdir.

    İlham Əliyevin yüksək siyasi nüfuzu hər hansı ekstremal hadisələrdən bizi qoruyursa, buradan səhv qənaətlərə gəlmək olmaz ki, orta təbəqə hökumətdən razıdır. Əslində böyük güzəştlər şərtinə keçmədən daxili istehsalı onsuz da qaldırmaq mümkün deyil. Bəli, Azərbaycanda böyük transmilli layihələr gerçəkləşdirilib və ona paralel sovet infrastrukturu yenilənib.

    Lakin hökumətin vəzifəsi kapitalın ölkədən "qaçışı"nı durdurmaqdır.Gürcüstan vəTürkiyə azərbaycanlıların pulu ilə qorunur. Nazirlərdən biri dedi ki, Gürcüstana azərbaycanlılar 3 milyard dollardan artıq investisiya qoyublar. Mən bunun könüllü seçim olduğuna inanmıram. İş adamları buna məcburən gediblər. Beynəlxalq Bank ətrafında cinayətlər Azərbaycan iqtisadiyyatına mənfi təsiri artıq xroniki hal alıb.

    - Bəs niyə qarşısı alınmayıb?

    - Təəssüflər olsun ki, bir tərəfdən parlamentin hökuməti hesabatlılığa dəvət etməsi imkanları zəif olub.Digər tərəfdən, həmin qurumlar özlərini toxunulmaz kastanın nümayəndələri saydıqlarından,həmçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi vaxtilə ölkədə həm də ictimai fikri formaşdırmağa qalxdığından, kəskin siyasi qərarlar yalnız son illər verilməli olub.

    Bilirsiz ki, asan pullara verilən qərarlar dövrü artıq arxada qalıb. İndi “çətin pullar” erasıdır. Baxın, nəqliyyat-dəmiryolu sisteminə həmkarımız Cavid Qurbanovun təyinatı nə qədər müsbət dəyişikliklərə səbəb oldu.

    Neftə alternativlər öz-özünə yaranmayacaq.Turizmdən qazanmaq istəyirsən,lakin ölkəyə gələn əcnəbi valyuta mübadiləsi apara bilmirsə, o, növbəti dəfə ən yaxşı halda Gürcüstana yolunu salacaq. Ona görə də, bank sektoru məruz qaldığı böhrandan çıxmasa iqtisadiyyat pulla təmin oluna bilməyəcək. Hazırda banklar özləri donor axtarırlar. Bu problemlər necə həll ediləcək? Sahibkarlarbundan çox böyük əziyyət çəkirlər. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Ermənistan isə 36-cı yerdədir. Azərbaycan kommunikasiyaya əl çatanlıq məsələsində 116-cı yerdədir.

    - Çıxışlarınızın birində bildirmisiniz ki, ölkədə müəyyən qədər iqtisadi, siyasi, sosial təxribatlar baş verir. Nəyi nəzərdə tutursunuz?

    - 16 ildir, parlament üzvü kimi dövlətimizin yürütdüyü siyasətə sədaqətlə xidmət etməyə çalışırıq.Hər birimiz dövlətin müstəqil və güclü olmasını istəyərkən bilməliyik ki,vətəndaşlar zəifləyəndə dövlətin mövqeyini beynəlxalq və regional məkanda yüksək mərtəbədə saxlamaq çətin olur. Halbuki 2 il əvvələ qədər islahatçılıq və Qafqazda demokratiya adasına çevrilməyə çalışdıqları gürcülərdən fərqli olaraq regionun ağası azərbaycanlılar idi. Əsas şərtləri və iqtisadi layihələri biz diqtə edirdik. Ona görə hər birimiz iqtidarda,müxalifətdə,sağ düşərgədə,sol platformada, dindar və ya ateist əqidədə olmağından asılı olmayaraq,ölkəyə hürriyət və istiqlal arzulamalıdır. Xalqı günahlandıran nəzəriyyələrə və miflərə inanmayln. Milləti günahlandıranlar və qüsurlu ənənələri onların ayağına yazanlara qarşı prezidentinin "ASAN Xidmət" modeli qətiyyətli bir cavabdır. İnsanları börükratik zirehin altında əzən və onlara korrupsiya yemi kimi baxanların yerində fərqli bir idaəetmə sistemi quruldu. Görün ölkə nə qədər asanlaşdı. Güvənc artdı. Millətin enerjisinin çox hissəsi çətin xidmət qurumlarının qarşısında gedirdi. Ona görə ideoloji,informativ,diplomatik və maliyyə-iqtisadi sektorda təxribatları görəndə sükut etməyi düşünmədim. Sanki, həmin diversiyalarla dövlətin yükünü artırırlar, ölkə rəhbərinin hədəfinin dəyişdirilməsi üçün fəaliyyətə keçiblər. Xüsusi bir müxalif qüvvə yoxdur ki, onlar protest elektoratını ayağa qaldırıb siyasi dəyişiklik etsinlər. Lakin hökumətin və onun kənarında yaranmış dövlət burjuaziyasının hədəfdən kənarda qalmasına, əvəzində süni gündəm yaratmağa, həmçinin problemləri böhran nöqtəsinə çatdırmağa yönələn fəaliyyət heç vaxt belə sistemli olmayıb.

    Baxın, ordunu kabinetlərdən və kürsülərdən idarə etmək istəyən Səfər Əbiyevi yeni bir nazir obrazı əvəz etdi.Səngəri tanıyan və əsgərlə çörəyi bölən şəxs Ali Baş Komandanın tapşırığını yerinə yetirməyə qadir olacaq. Əks halda, nüvə silahı da sənin hərbi gücünü artırmayacaq, əl-qolunu bağlayan vasitəyə çevriləcək.

    Zakir Həsənov səngəri tanıyır, kabinetdə erməni generalları ilə vuruşmur. Şükür olsun, ”parketniy general” termini artıq geridə qalıb.

    - Diqqət etmisinizsə, bəzi deputatların çıxışları qalmaqala səbəb olur, cəmiyyətdə bir növ onlara qarşı aqressiya var, sizcə, bu, nədən qaynaqlanır?

    - Düzdür, sosial qəzəb var və yönlənmək üçün ünvanlar axtarır. Burada müəyyən qədər həmkarlarımızın ehtiyatsız ifadələri rol oynayıb. Siyasi mühiti genişləndirmək, açılım etmək lazımdır. Disskusiyalar meydanı daralanda adi ləpələri kimsə fırtına kimi qələmə verə bilir. Milli Məclisdə geniş müzakirələr aparılmalıdır ki, kimlərinsə nadir fikirləri siyasi məkanı belə təhrif olunmuş şəkildə tutmasın. Əhalinin düzgün və operativ informasiya aclığı təmin olunmayanda tullantı xəbərlər önə çıxır və əhalinin zövqünü formalşdırır. Auditoriyası itmiş televiyaların yerini yüz minlərlə üzvləri olan sosial media qrupları tutur. Onları virtuallıqdan reallığa keçirmək üçün bəzən adi bir hadisə kifayət edir. Ona görə dövlət institutları və parlament aktiv məkanı boş qoyduğu üçün onun yerini şayiələr, dedi-qodular və qeyri-ciddiliklər tutur. Sosial etimadı gərək heç zaman əldən verməyəsən. Əlbəttə, Milli Məclis xarici siyasət kursunda özünəməxsus yer tutur və danılmaz uğurları dövlətimizin aktivinə yazmamaq mümkün deyil. Lakin 30-dan artıq məsələ yarımiş günü rejimində həll oluna bilməz. Açıq dinləmə saatları təşkil edilməlidir, hökumətin ayrı-ayrı strukturları ora dəvət olunmalıdır. Belə olsa, parlament cəmiyyətin ayrılmaz hissəsinə çevriləcək, legitimliyini daha da dərinləşdirəcək. Əvəzində, biz görünməmiş aşağılanmları müşahidə edirik. Nədən belə olduğunu analiz edən sosioloji bir mərkəz varmı? Biz onların təhlillərini qəbul etməyə hazırıqmı?

    "Heç kəslə xüsusi problemim yoxdur-dövlətə düşmənlərdən savayı!"

    Yaxşı, kiminsə fikrini ictimailəşdirməyə yasaq qoyanda, nə baş verəcək? Bütün yas yerləri və toy mərasimləri xalq klubu kimi alternativ diskusiyya məkanına çevriləcək. Sosial psixologiya elmi bizə bunu öyrədir. Elə isə Məclis üzvü danışmırsa, onun funksionallığı nədən ibarət olacaq?  Heydər Əliyev kimi nəhəng şəxsiyyət 90-cı illərin ən ağır dövründə cəmiyyətdəki axarları, maraq qruplarını, hətta silahlı barışmaz hərəkatları parlament vasitəsilə cilovlayırdı. Spikerliyin ən ali nümunələri də məhz Ulu öndərin sayəsində yaradıldı. Kimisə sözünə görə cəzalandırmadan ölkəyə bir harmoniya gətirildi və parlamentarizmin sütunları möhkəm qoyuldu.

    Məclis cəmiyyətlə dövlət arasında ötürücü naqildir. Elə bir həssas dönəmdə yaşayırıq ki, bölgədəki proseslər elitaların fəaliyyətindən çox asılıdır. Sükunət mövqeyi tutub prosesləri təbii axarında, seyrçiliklə gözləmək fəsadlara yol aça bilər. Bir daha qeyd edirəm ki, kiminsə mikrofonunu söndürməklə məsələ bitən deyil.

    - Yeri gəlmişkən, Milli Məclis rəhbərliyinin bəzi deputatlara müsahibə vermək qadağa edildiyi də iddia olunur. Bununla bağlı nəsə eşitmisinizmi?

    - Qadağanın olmasına inanmıram. Zənn edin ki, müəllimə öz missiyasını yerinə yetirməyi yasaqlayırsan. Jurnalistlər yazmasınlar, həkimlər tibbi xidmət göstərməsinlər.

    Onda, parlament nədən ötrüdür? Deputatlar müzakirələrə açıq olmalıdırlar. Açıq deyirəm ki, Milli Məclisin kifayət qədər savadlı insanları var, onları düzgün yönləndirmək lazımdır. Biz bir-birimizi nə qədər, qaldıracağıqsa, ölkə də o qədər qalxacaq. Nə qədər, bir-birimizə zərbə endirəcəyik, o qədər də enəcəyik. Elitaların arasında maraq savaşları, qrup davaları ola bilər. Tarixin qoyduğu miras hər halda bundan ibarətdir. Lakin xalqla təmsilçilik institutu üzərindən ünsiyyəti kəsmək olmaz. Düşünürəm ki, gələcəkdə parlament üzvlərinin obrazı dəyişəcək.

    - Milli Məclisin plenar iclaslarında Sizinlə Oqtay Əsədov arasında niyə tez-tez qalmaqal baş verir?

    - Bunun səbəbləri ilə bağlı fikirlərimi ictimailəşdirmək istəmirəm. Oqtay Əsədov yaxşı insani keyfiyyətləri bacaran, xeyirxahlığa qadir olan adamdır. Lakin spikerlik bütün psixoloji-siyasi mühiti əldə saxlamağı deyil, yönləndirmə və koordinasiyanı tələb edir. İrəli sürülən hər fikrə süngülü münasibət olanda müstəvi dəyişir. Yəni, elə etməlisən ki, Heydər Əliyevin ənənələri davam etsin, fikir müxtəlifliyi özünü göstərə bilsin. Bir daha qeyd edirəm ki, Milli Məclisdə disskusiyalar aparılmalıdır. Milli Məclisin iclasları açıq yayımla olmalıdır ki, millət deputatları görsün. Daha bir həftə sonra onun xronikasının ekranda verilməsinin heç bir səmərəsi olmayacaq.

    Hər zaman orada sözümü demişəm və dövlətçilyimizə xidmətin modelini, üslubunu dəyişmək niyyətində deyiləm. O üzdən şəxsimə qarşı olanların umrunda deyiləm. Beyin yarımkürələrimizdə nifaqa, kinə-küdurətə yer yoxdur. Xüsusi iddialarla yaşamıram və parlamentdən mükafat növbəsinə də durmamışam. Ona görə bir çox məsələni zamanın axarına buraxmağın tərəfindəyəm. Hərçənd şərqli mentallığı, şəxsimə edilən hər hansı yaxşı əməli heç zaman unutmuram, bununla belə sarkazm, eksperiment obyekti kimi davranışlar bizi qələmə fəhləliyi, dünyanın siyasi dərki və təhlili prosesindən uzaqlaşdırası deyil...

    - Bəzən də iddia olunur ki, parlamentdə müxalifət yoxdur və buna görə də Zahid Oruc müxalifət mövqeyindən çıxış edir...

    - Yəni təlimatlı, ssenarisi əvvəlcədən cızılmış fəaliyyət, eləmi? Dogrusu,siyasət komandalı işdir və biz müstəqil bir ideoloji kursa malik deyilik. Ancaq mən həmin o tribunadan vaxtilə Səfər Əbiyevi, Füzuli Ələkbərovu istefaya çağırmışam,ünvanlı sosial yardımların korrupsonerlərin maliyyələşməsinə çevrildiyindən bəhs etmişəm, bank sektorunda yüksək faizlərin təhlükələrini qabartmışam, təhsil sistemində vaxtilə tüğyan edən cinayətlərə işıq salmışam. Bütün bunları süni bir rolla, saxta obrazla etmək qeyri-mümkündür. Bizim siyasi simamız on illər müddətində formalaşıb və möhkəm kristallaşıb. Qəlbən, ruhən Heydər Əliyevçiyik. Otto Fon Bismarka həsəd aparmaqdansa,Teodor Ruzveltin heyrətamiz dünyəvi sülh diplomatiyasına və Amerkia hökmranlığı sitayiş etməkdənsə, böhran menecerliyinin böyük dühasını öyrənmək yaxşı olmazdımı? Ona görə müxtəif yarlıqları illərin çətin xidmətini milli maraqlardan kənar məqsədlərə yaza bilməz.

    - Sosial şəbəkələrdə, media orqanlarında bəzi deputatların obyektlərinin siyahısını dərc edirlər, şəkillərini paylaşırlar. Həmin deputatlar da əksər hallarda deyir ki, obyektlər onlara məxsus deyil. Amma nədənsə Zahid Orucla bağlı belə hallar baş vermir...

    - Həmkarlarımızın bir qisminin keçmişdə, indinin özündə də biznes əlaqələrini nəzərə alaraq villalarının olmasının əleyhinə deyiləm. Yəni, ölkədə bolşevizmi stimullaşdırmaq olmaz. Badamdarda bahalı evlərin olduğu məhəllələr var, orada yaşayanları süngüyə taxmalı deyilik. Bu, tiraniya yarada bilər, kütlə savaşına səbəb olar. 2013-cü ildə müxalif siyasətçilərdən biri deyirdi ki, həmin villaları satdırıb, əhalinin kredit borclarını bağlayacağıq. Bu, ucuz populizmdir. Ölkədə hamının imkanlı olmasına çalışmaq lazımdır. Vara-dövlətə qarşı nifrəti körükləmək olmaz. Lakin gerçəkdən vəzifə mövqeyindən sui-istifadə edərək, insanları əzərək əldə edilən, haram yollarla qazanılan pullarla villalar tikiləcəksə, onlara lənət olsun. Eldar Mahmudovun sarayı ən böyük həbsxanadır, xalqın nifrəti ilə inşa edilib. Onun çevrəsindəki olanlar da belədir. Allah dünyanı elə xəlq edib ki, mütləq ilahi bir balans var. Sən millətin qanı, canı hesabına nəsə yaradırsansa, içərisində xəstə olacaqsan. Yəni, sağlam kasıblıq xəstə varlılıqdan yaxşıdır. Villalarla bağlı xəbərlər ictimailəşirsə, həmin insanlar maliyyə deklarasiyasını təqdim etməlidir. Narahat olub, mediadan qaçmaq olmaz. Çalışmalıyıq ki, ölkədə hər kəsin evi olsun və villa nifrət obyektinə çevrilməsin.Nəticədə dövlətə ödəmələr artsın. Əslində, qolçomaqlar üzərinə getmək Leninin böyük cinayəti idi və sonda proleteriat diktaturası öz hökmranlarını yaradıb, Oruelin dediyi heyvanların, yaxud lümpenlərin ali kastasını yaradanda iflasa məhkum oldu...

    - 2013-cü ildə Azərbaycan prezidentliyinə namizəd olumusunuz. Siz həmin vaxt doğrudanmı prezident olmaq istəyirdiniz?

    - Dəst-xəttim, hansı platformada yer aldığım hər kəsə bəllidir. Bir çox məsələlərdə fərqli düşüncədə olduğumu heç zaman gizlətməmişəm. Prezidentliyə namizədliyin irəli sürülməsi iddialı görünməyə də bilər, təki ideyalarımız qalib gəlsin. Açıq deyirəm ki, bu gün də seçki olarsa, yenidən namizədliyimi irəli sürərəm və verilən imkan istifadə edərək bir çox problemləri səsləndirərəm. Siz də, biz də prezidentliyə namizəd ola bilərik. Önəmlisi odur ki, söylədiyimiz fikir cəmiyyətin gələcək həyatında faydalı olsun, toplanılan səslər o qədər də önəmli deyil. Platon ölüb, amma ideyaları qalıb. Bizdə pis odur ki, siyasətçi özü qalır, ideyası ölür. Adam var ki, partiyası, "papka"sı var, amma fəaliyyəti yoxdur. Hanı sizin ideologiyanız?

    Gürcüstan 2008-ci ilin avqustunda Rusiya ilə gedən savaşda ərazisinin bir hissəsini itirdi. Amma siyasi savaşda qalib gəldi. Gənc gürcülər beynəlxalq məkana meydan oxudular, Rusiyanın bu məsələdə mövqeyini darmadağın etdilər. Bu, çox önəmli məsələdir. Yəni, əsas ideyalardır. İdeyaya görə qonşunun qapısına getdinsə, ömrü boyu borclu qalacaqsan. Ona görə də mənim namizədliyimi fərqli qarşılayanlar, buna qarşı çıxanlar sonradan hesablaşdılar.

    Onu da vurğulamalıyam ki, Prezident İlham Əliyevin alternativi xaosdur.

    - 2013-cü ildə təmsil olunduğunuz Ana VətəPartiyasının (AVP) sıralarından azad olundunuz. Belə daha yaxşıdır, yoxsa əvvəlki? Yəni partiya üzvü, funksioneri olmaq daha yaxşıdır, yoxsa indi?

    - Bilirsiniz, Azərbaycanda partiyalar banklar kimi 10 nəfərin nizamnamə kapitalının ortaya qoyulması ilə yaranmır, bir şəxsin iddiası hesabına ortaya çıxır. Siyasi partiyalardakı vəziyyət də ona adekvat inkişaf edir. Hakimiyyət opponentləri və demokratiya mücrüsünü daşıyıb Qərbə təqdimat verənlərin əksəriyyətində birinci şəxslər 20 ildən çoxdur alterantivsiz olaraq taxtda əyləşiblər. Siyasi təşkilat quruculuğu ideya fəhləliyi tələb edir, əqli və ruhi zəhmətinin partiyanın karkasına qoyulması hesabına cəmiyyət onları tanıyır. Biz də keçmişdə belə olmuşuq.

    2013-cü ildə yollarımız ayrıldı, lakin siyasi ruhumuz dövlətə xidmət ideallarından kənara getmədi. Ona görə də haqqımızda verilən qərarı anlayışla qarşılayıb, yolumuza davam etdik. Biz münasibətlərdə dəqiq prisipləri tanıyan adamlarıq. Heç vaxt çiyin yoldaşlarımızın əleyhinə çevrilmirik - fərq etməz, keçmiş, ya indiki. Üzərimə yüz dəfə gəlinəndə bəlli bir dözüm limiti tanıyıram, yalnız yüz birinci dəfədə reaksiya verirəm. Taleyimizdə bir misqal zəhməti olan şəxslərə dönməzlik göstəririk ki, xeyirxahlıq ənənələri yaşasın və davam etsin. Ona görə “bir nəfər özü də ordudur”, prinsipini rəhbər tutub yaşamaq lazımdır. Sonrakı planlar və ideyaları zaman gələr bölüşərik.

    - AVP sədri Fəzail Ağamalı ilə münasibətləriniz necədir?

    - Heç kəslə xüsusi problemim yoxdur-dövlətə düşmənlərdən savayı!

    - Siyasi təşkilat yaratmaq fikriniz varmı?

    - Bu, bir çox parametrlər tələb edir. Azərbaycanda güclü hakim partiya var. Bir neçə hakimiyyət partiyasının olması modeli bizdə işləmədi. Belə olan təqdirdə insanlar hansı alternativ ideyalarına doğru gəlməlidir? Bundan başqa, siyasi təşkilat maliyyə məsrəfləri tələb edir. Azərbaycanda proporsional sistemin ləğv edilməsi partiyaların işinə mənfi təsir göstərdi. Ona görə də proporsional sistemə qayıdışın tərəfindəyəm. Bu, güclü 4-5 partiyanın yaradılmasına imkan verəcək, regional, məhəlli, klub səviyyəsində idarə olunan təşkilatlardan qurtulacağıq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi